“Milli Şura” adlı amorf bir qurum Azərbaycanın siyasi səhnəsindən artıq silinib” Yusif Bağırzadə

“Milli Şura” adlı amorf bir qurum Azərbaycanın siyasi səhnəsindən artıq silinib” Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Milli Şura” adlı amorf bir qurum Azərbaycanın siyasi səhnəsindən artıq silindiyini deyib: “Milli Şura”nın Koordinasiya Mərkəzinin ictimaiyyətə məlum olan son video konfransları həqiqətən rəzalətdir və onlar özləri də başa düşürlər ki, özlərini tamamilə rüsvay ediblər. Cəmiyyətin ciddi qınağına tuş gəliblər və əslində özlərinin əsl mahiyyətlərini ortalığa qoyublar. Orda qalan 3-5 nəfərin radikal çıxış bəyanatları isə bu yox olmuş qurumu gündəmdə saxlamaq cəhdindən başqa bir şey deyil. Mən əvvəllər də dəfələrlə bildirmişəm ki, bu qurumdan istefalar qaçılmazdı və yenə də deyirəm ki, artıq məlum olan istefalar son deyil və davamı da olacaq”.

Y.Bağırzadə videokonfranslarda siyasi qüvvələrin ünvanına olan ittihamlara münasibət bildirərək deyib ki, bu ittihamlara qarşı tərəfdə buna adekvat olaraq ittihamlar irəli sürüb: “Bu qurumdakıların ambisiyası o qədər böyükdür ki, həmin ambisiyaları realizə etmək üçün bütün dəyərləri satmağa hazırdırlar. Elə cinsi azlıqların hüquqlarının müdafiəçisi obrazındakı çıxışları, milli mənəvi dəyərlərimizi tapdaq altına almaları da bunun ən bariz sübutudur. Özünü ziyalı, siyasətçi hesab edənlər çıxıb əxlaqi, milli, mənəvi, insani dəyərlərə zidd olan iyrənclikləri kimlərəsə xoş gəlmək üçün müdafiə edirlərsə onlardan cəmiyyətə hər hansı bir fayda gözləməyə dəyməz. Bu gün özlərini demokratik qüvvə sayıb meydana atılanların illərdir ki, eyni ittihamlarla, eyni sözlərlə xalqı necə aldatdığının şahidiyik. Qarşılıqla ittihamlara gəldikdə isə təbii ki, bu ittihamların dərinləşəcəyi gözləniləndir. Elə “Milli Şura”nın qurucularından olan və o qurumda nələrin baş verdiyindən kifayət qədər xəbərdar olan Eldəniz Quliyevin açıqlamaları və əks tərəfdən onun ünvanına olan hücumlar onu deməyə əsas verir ki, bunlar üçün müqəddəs heç nə yoxdur. İndiyə qədər miyin-miyinə addımladıqları və bu gün həmin qurumun apardığı siyasətə haqlı olaraq etiraz edən insanları belə hədəfə alacaq qədər aciz duruma düşüblər. Bunların konkret əqidələri olmadıqları üçün dostları da yoxdur. Özlərindən başqa hər kəsi satqın və xəyənatkar hesab edirlər və təbii ki, bu ittihamları da cavasız qalmır. Odur ki, bir daha deyirəm ki, bu qurumun daxilində qarşılıqlı ittihamlar da bundan sonrakı istefalar da labüddür”.

Politoloq “Milli Şura” LGBT-nin, feministlərin, bir sözlə, xalqın qəbul etmədiyi bir qrup toplumun müdafiəsinə qalxması bir fakt olduğunu deyib: “Belələri başa düşmürlər ki, liberal demokratiya bəşəri, hüquqi, əxlaqi, dini və s. norma və dəyərləri özündə ehtiva edir. Bundan savayı liberal-demokratiya cəmiyyət tərəfindən qəbul edilən hər cür siyasi görüşü, eləcə də ümumi mənada xalqın mənfəətləri üçün lazım olan görüşləri özündə ehtiva edən siyasət modelidir. Nə dinimiz, nə əxlaqımız nə adət-ənənəmiz və ümumilikdə xalqımız tərəfindən qəbul edilməyən ayrı-ayrı qrupların müdafiəsinin liberal dəyərlərə hər hansı bir aidiyyatı yoxdur. “Milli Şura”nın haqqında danışdığınız toplumun hüquqlarının müdafiəçisi qismində çıxış etməsi isə yalnız və yalnız ayrı-ayrı dövlətlərdəki xüsusi qurumların sifarişi əsasənda və çox böyük ehtimalla qrant müqabilində həyata keçirilir. Əslində onlardan başqa şey gözləməyə də dəyməz. Azərbaycan dövlətinə, xalqına qarşı xəyanətkar mövqe bəsləyən, özlərini “Demokratik Qüvvələrin “Milli Şurası” adlandırılan amma əslində əsasən xarici qüvvələrə bağlı olub Azərbayana qarşı düşmənçilik siyasəti aparan marginal qrupdan başqa heç nə gözləməyə dəyməz”.

“Əslində “Milli Şura”nın iclasları başqa bir reallığı da üzə çıxarır”-deyən Y.Bağırzədə onu da deyib ki, onlar bilirlər ki, iclasda hətta ciddi məsələni müzakirə etsələr belə, bunun ictimai rəyə təsiri olmayacaq: “Çünki xalq Prezidentin siyasətini tam dəstəkləyir və hazırkı iqtidarın bütün sahələr üzrə apardığı siyasətə alternativ tanımır. Bununla yanaşı, biz həmin cəbhədə intellekt kasadlığını da görürük. Bu səbəbdən də, yalnız statusu qorumaq üçün, arada formal toplantılar keçirirlər. İndi texnologiyalar inkişaf edib və biz həmin iclası izləyə bilirik. Uzun illərdi ki, onlar belə müzakirələri çayxana formatında aparırdılar. Əgər belə müzakirələrin cəmiyyətə təsiri yoxdursa, müzakirə olunan məsələlər də qeybətdən uzağa getməyəcək. Bütün parametrlər üzrə bu cür qüvvələr iqtidarla müqayisədə tamamilə başqa müstəvidə olduqları üçün elə görülən səviyyəni nümayiş etdirirlər. Cəmiyyətin tələbi ilə ayaqlaşa bilməyən, yalnız mövcudluqlarını sübut etməyə çalışanlardan bundan artıq heç nə gözləmək olmaz. Onların müzakirəsində Azərbaycan üçün aktuallıq kəsb edən nəsə yoxdur, ola da bilməz”.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə