"Azərbaycanın cavabı sərt olacaq" ÖZƏL - AÇIQLAMA

"Azərbaycanın cavabı sərt olacaq" ÖZƏL - AÇIQLAMA

"İlk növbədə bir sıra ölkələrdən Ermənistana silah göndərilməsi ilə bağlı dəqiq məlumat yoxdur. Ehtimallar və şaiyələr var. Təbii ki, əgər belə bir hal gizli şəkildə cinayət yolu ilə edilibsə Azərbaycanın həmin dövlətlərə münasibətdə sərt cavabları olacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olan deputatı Anar İsgəndərov Ermənistana bəzi dövlətlər tərəfindən silah tədarükü edildiyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hazırda həmin ölkələrdən Ermənistana silah göndərilməsi ilə bağlı ehtimallar və şaiyələr var: "Lakin, hətta, həmin dövlətlər Ermənistan silah göndərmiş olsa belə beynəlxalq hüquq normaları, dövlətlər arasında hüquq normaları mövcuddur. Təbii ki, əgər belə bir hal gizli şəkildə cinayət yolu ilə edilibsə Azərbaycannın həmin dövlətlərə münasibətdə sərt cavabları olacaq. Burada qeyri-adi heç nə yoxdur. Azərbaycan güclü dövlətdir və adı çəkilən dövlətlərin də Azərbaycan dövlətinə ehtiyacı var. Bunun faktlar da, situasiya da göstərdi. Digər tərəfdən Ermənistana hansı ölkənin yardım göstərməsindən asılı olmayaraq dünyada haqq və ədalət deyilən bir anlayış var, qanundan əlavə. İşğala məruz qalan tərəf Azərbaycandır və bu işğal ermənilər tərəfindən həyata keçirilib. Bu dövlətlər əgər belə bir yardım ediblərsə deməli onların özlərinin də problemləri var. Bu dövlətlərin siyasəti ədalətli deyil. Onlar heç vaxt öz maraqlarını təmin edə bilməyəcəklər".

Millət vəkili Anar İsgəndərov qeyd edib ki, Azərbaycan bu gün siyasi maraqlarını, öz ərazi iddialarını, öz torpaqlarını qaytarmaq üçün hər bir gücə malikdir: "Birinci güc dövlət başçısının gücü, ikincisi Azərbaycan Ordusunun gücü, üçüncüsü isə Azərbaycan xalqının göstərdiyi dəstəkdir. Son dövrün hadisələri də göstərdi. 50 minə yaxın insan bu gün könüllü şəkildə cəbhəyə getmək istəyirsə, bu o deməkdir ki, dünənin xalqı bu günün ordusuna çevrilmək istəyir və bu insanların qarşısını heç kəs ala bilməz. Vaxt gələcək və Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Buna heç kimin şübhəsi olmasın. Lakin, məkrli siyasət yürüdən dövlət və ya şəxslər tarixin arxivinə gedəcəklər.

2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin İyul döyüşləri, Tovuz istiqamətində aparılan döyüşlər göstərdi ki, bu xalqın, bu dövlətin torpağına kim göz dikibsə onun gözlərinin çarılması şübhəsizdir. 2020-ci ilin Tovuz hadisələri bunu bir daha göstərdi. Haqq və ədalət Azərbaycanın tərəfindədir. Azərbaycanın tərəfindən çıxış edən, ölkəmizi müdafiə edən dövlətlər təkcə Azərbaycanla dost və doğma olduqları üçün bunu etmirlər, onlar haqqı və ədaləti müdafiə etdikləri üçün Azərbaycanın yanındadırlar".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə