“Ermənistan, həmçinin Paşinyan hakimiyyəti beynəlxalq qınağa məhkumdur” ÖZƏL-MÜNASİBƏT
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında xüsusi olaraq qeyd etdi ki, Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməyəcəkdir. Son hadisələr bunu bir daha sübut etdi.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.
Alyansın sədri qeyd edib ki, 12-16 iyul 2020-ci il tarixlərində Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatları ilə döyüşlər beynəlxalq rezonans doğurub.
“Dünya dövlətləri və beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatının 120 üzv dövləti Ermənistanın Azərbaycan mövqelərinə qarşı hücumunu qətiyyətlə pisləyib. Hətta Nikol Paşinyan, Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək dərhal təşkilatın iclasının keçirilməsinə çalışsa da, buna nail ola bilməyib. Artıq nəinki KTMT-da, bütün beynəlxalq siyasi sferada Ermənistan işğalçı dövlət olaraq tanınır və heç bir rəsmi qurum onu müdafiə etməklə öz siyasi imicinə zərər gətirmək istəmir. Bu səbəbdən də, bu gün Ermənistan, o cümlədən Nikol Paşinyan hakimiyyəti beynəlxalq qınağa məhkumdur. Minskdə Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında Paşinyan Azərbaycan Silahlı Qüvvələri ilə son döyüşlərdə Ermənistanın məğlub olduğunu açıq şəkildə etiraf etdi və sülh danışıqlarına alternativin olmadığını da bəyan etdi. Paşinyanın qətiyyətsiz, sərsəm mövqeyi hamıya məlumdur. Digər tərəfdən, onun bu mövqeyini sərgiləməyə vadar edilən Ermənistanda hər gün gərginləşməkdə olan siyasi vəziyyət hökm sürür. Hazırda Ermənistan, hökumət əleyhinə mövcud siyasi qarşıdurmalarla yanaşı, 12-16 iyul tarixlərində Azərbaycana qarşı təxribatçı döyüşlərində övladlarını itirən vətəndaşlarının etiraz dalğası ilə qarşı-qarşıyadır.
Tovuz istiqamətində təxribat Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında acizliyini bir daha sübut etdi. Tovuz hərbi əməliyyatından sonra beynəlxalq hərbi ekspertlər, Ermənistanın genişmiqyaslı müharibəyə hazır olmadığını bəyan etdilər. Döyüşlərdən dərhal sonra Paşinyan orduya necə maddi dəstək veriləcəyi barədə mövqe bildirdi və ianələrin toplanması üçün Əsgərlərin Sığorta Fondunu yaratdı.
Belə bir ağır siyasi, hərbi vəziyyətdən başını itirən Ermənistan hakimiyyəti Azərbaycan tərəfinin Ermənistanı Metsamor Atom Elektrik Stansiyasını vuracağı ilə hədələdiyini bəyan edir və bununla da panika yaratmağa cəhd göstərərək dünyanın diqqətini özünün “yazıq” simasına cəlb etməyə çalışır”, deyə Nüşabə Məmmədova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB