"Ermənistan Azərbaycana başqa seçim yeri qoymayıb" ÖZƏL - AÇIQLAMA
"Biz ortaya məsələ qoymuşuq ki, beynəlxalq sülhyaratma missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini boşaltmalıdır. Lakin, Ermənistan isə hələ yeni ərazilər iddiasındadır". Bu sözləri SİA-ya açıqlamasında hərbi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.
O bildirib ki, düşmən tərəf Azərbaycan əraziləri ilə bağlı növbəti təxribatlarını həyata keçirmək istəyir: "Ermənistanın həyata keçirdiyi bu təxribatlar heç bir əndazəyə sığmayan davranışlardır. Biz ortaya məsələ qoymuşuq ki, beynəlxalq sülhyaratma missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini boşaltmalıdır. Lakin, Ermənistan isə hələ yeni ərazilər iddiasındadır.
Azərbaycan bu münaqişədə tutduğu yol isə bundan ibarətdir ki, nə olursa olsun, bəli, itkilərimiz də olacaq, yaralılarımız da, lakin biz bu yolu sona qədər getməliyik. Bu münaqişəni axıra qədər çatdırmalıyıq. Bu məsələni uzatmağın heç bir yeri yoxdur. Çünki, proseslər uzandıqca Ermənistan tərəfi məsələdən daha çox faydalanmağa və sui-istifadə etməyə çalışacaqlar".
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov əlavə edib ki, hazırda Ermənistan Azərbaycana başqa çıxış yolu buraxmayıb və bu beynəlxalq səviyyədə də özünü göstərir:
"Hazırda bütün dünya Ermənistanın heç bir beynəlxalq hüquq və normalara məhəl qoymadığına, hörmətlə yanaşmadığına şahid oldu. Buna görə də Azərbaycan ordusu bütün istiqamətlərdə öz gücünü nümayiş etdirməldir. Bizim bununla kifayət qədər imkanlarımız var və resurslarımız da yetərincədir. Bura təbii ki, həm insani resurslar, həm hərbi struktur daxildir. İstənilən halda hərəkət etmək lazımdır. Bu halda biz nəticəni də görmüş olacağıq. Bir daha vurğulamaq istəyirəm ki, bu dəfə Ermənistan Azərbaycana başqa çıxış yolu qoymayıb. Azərbaycan da bu yolu axıra qədər getməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB