“Azərbaycan dilini bilən erməni” müsavatçı AXCP-nin də üzvü olub? FAKTLAR

“Azərbaycan dilini bilən erməni” müsavatçı AXCP-nin də üzvü olub? FAKTLAR

Təxribatçı barədə yeni faktlar üzə çıxıb

Bakıda ümumxalq yürüşü zamanı sosial şəbəkədə təxribatçılıq edən, “Azərbaycan dilini bilən erməni” kimi bildirilən və sonda adı və soyadının Rəşad Məmmədov olduğu üzə çıxan şəxsin barəsində mediaya yeni faktlar daxil olub. Bundan əvvəl Müsavat partiyasının üzvü olduğu bildirilən R.Məmmədovun sən demə AXCP ilə də alış-verişləri üzə çıxıb.

Bu arada o da məlum olub ki, R.Məmmədov müsavatçı - adı mühacir biznesində hallanan Mehdi Xəlilbəylinin yaxın adamı və sürücüsü olub. Bu həmin M.Xəlilbəylidir ki, biznesi ifşa olunduqdan sonra Almaniya polisi tərəfindən həbs olunmuşdu. Əbəs deyil ki, keçmiş müsavatçılar da R.Məmmədovla bağlı ilginc detalları açıqlayıblar. Məsələn, məlum olub ki, R.Məmmədovu insanlardan pul yığmaq, saxta vəsiqə düzəltmək işlərində istifadə edən M.Xəlilbəyli əldə etdiyi gəlirdən ona da müəyyən məvacib ayırırmış.

“Çulunu sudan quru çıxarmağa” çalışıb...

Nəticədə ifşa olunduqlarını görən R.Məmmədov mühacir biznesi ilə bağlı alman prokurorluğunun apardığı istintaq tədbirlərinə könüllü ifadə verməklə, necə deyərlər, “çulunu sudan quru çıxarmağa” çalışıb. “Almaniya prokurorluğu araşdırma aparır, polislə əməkdaşlığa getdi ki, guya bu işlə əlaqəsi yoxdur. Amma Rəşad Məmmədovun mühacir alverində iştirakçı olduğunu burada hər kəs bilir. Onun oturum izni yoxdur. Onun belə video çağırışlar etməkdə məqsədi məhz buradan qaynaqlanır. Belə müraciət etdi ki, media orqanlarında hamı bundan yazsın, telekanallar məlumatlar yaysınlar. O da həmin məlumatları yığıb Almaniyanın Miqrasiya İdarəsinə göndərsin ki, baxın məni deportasiya etmək istəyirsiniz, getsəm təzyiqlərlə üzləşəcəm. Bu adamın əslində məqsədi budur. Oturum almaq üçün hoqqalar çıxarır. Gərək onunla bağlı məlumatlar tirajlanmayaydı. İndi deyəcək ki, Azərbaycanda ölümlə hədələnirəm, məni göndərsəniz, həbs olunacam”, deyə xaricdə yaşayan müsavatçılar bildiriblər.

Daha bir məqam isə, adıçəkilən təxribatçının Azərbaycandan bu partiyanın vasitəsilə Almaniyaya getdiyi və orada Müsavat Avropa Koordinasiya Mərkəzinə (AKM) üzv yazılması iddiasıdır ki, buna da şübhə yoxdur.

“Mehdinin yanında şoferlik edib, sonra dalaşıb ayrılıblar”

Ancaq daha bir nüans onun AXCP-də də görünməsidir. Müsavat AKM-in sədri İlham Həsənin mətbuata verdiyi aşıqlamasına görə, R.Məmmədov bəzi müsavatçılardan və digər müxalifət üzvlərindən şikayət edib. “Onu Almaniyaya göndərən, maliyyələşdirən və müxalifəti şantaj etdirən bir klandır. O, tək deyil, bir qrupun üzvüdür. Onun adamları şərləməkdən başqa fəaliyyəti yoxdur”, deyən müsavatçı bildirib ki, əlaqədə olduqları da Surətin, Ələkrəmın adamlarıdır.

“Amma Mehdi Xəlilbəylinin kəndçisi olduğunu deyirlər və Mehdinin yanında şoferlik edib, sonra dalaşıb ayrılıblar”, bildirən İ.Həsənli R.Məmmədovun AXCP-də də fəaliyyət göstərdiyini deyib.

Yeganə Hacıyeva: “Partiyada ən zəif amma ən qaragüruh bir zümrə rəhbərliyə gəldi”

Vaxtilə Müsavatda başqan müşaviri olan politoloq Yeganə Hacıyevanın da fikirləri ilgincdir. “2014-cü ildən sonra partiya daxilində həmişə ancaq məhdud fərdi maraqlara xidmət edən, intellektual səviyyəsi çox zəif olan, partiya fəaliyyəti və siyasi prosesləri ancaq öz qrup maraqları çərçivəsində dəyərləndirən, partiyada ən zəif amma ən qaragüruh bir zümrə rəhbərliyə gəldi”, xatırladan Y.Hacıyeva əlavə edib ki, belə bir qaragüruh qrupun partiyanı daxili qruplaşma üçün bir alət edəcəyi aydın idi və bu belə də oldu: “Bu şəxsin Almaniyada Müsavata açılan bilet qalmaqalı ilə bağlı cinayətdə şahidlik etdiyi deyilir. Görünən odur ki, Müsavata bağlılığı var. Bunun özü biabırçılıq deyilmi?”.

Y.Hacıyeva hesab edir ki, artıq Müsavat partiyası rəhbərliyi bu məsələyə aydınlıq gətirmək üçün geniş açıqlama verməlidir, aidiyyəti qurumlar isə bu şəxsin təxribatçı fəaliyyətinə görə məsuliyyət daşımasını təmin etməlidirlər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə