“Biz ermənilərin dərsini bundan sonra da verəcəyik” ÖZƏL-MÜNASİBƏT

Dövlət başçısı Nazirlər Kabinetinin toplantısında həssas məqamlara toxundu və Ermənistanın işğalçı siyasətini tənqid etdi. Bu sözləri SİA-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri qeyd edib ki, Ermənistan növbəti dəfə təxribat törətdi və Azərbaycan ordusu bu təxribatın cavabını layiqincə verdi.
“Əgər dövlət başçısı deyirsə ki, danışıqlar nəticə vermir, deməli, ordu öz əməliyyatlarını davam etdirməlidir. Dövlət başçısı onu da xüsusilə vurğuladı ki, ordunu əslində rahat buraxmaq lazımdır ki, ordu öz işini görsün. Döğrudur, cəmiyyətdə bir qədər ruh yüksəkliyi yaranıb ki, bu da vacibdir. Mən düşünürəm ki, ikinci mərhələdə artıq Azərbaycan ordusu Dağlıq Qarabağ və ətrafındakı rayonların boşaldılması əməliyyatlarına, yəni, anti-terror əməliyyatlarına da başlayacaq. Bunun üçün bizim bütün hazırlıqlarımız var. O ki qaldı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının reaksiyasına, əslində, Tovuzda, sərhəddə baş verən hadisə, insident, təxribat ermənilərin həm Azərbaycan üçün, həm də Ermənistan üçün bir test oldu. Ermənistan üçün bu test mənfi nəticələndi, Azərbaycan üçün isə müsbət. Niyə? Ermənistan hakimiyyəti düşünürdü ki, əgər Tovuz istiqamətində təxribat törətsələr, hansı ki, Qarabağa aidiyyəti yoxdur, guya Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, digər üzv dövlətlər Ermənistanı müdafiə edəcək. Çünki Ermənistan da bu təşkilatın üzvüdür və belə deyək ki, təhlükəsizliklə bağlı birgə əməkdaşlıq sazişi var. Amma məsələ burasındadır ki, bu təşkilatın üzvü olmasa da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin hamısı ilə Azərbaycanın tərəfdaşlıq münasibəti var. Qazaxıstan, Qırğızıstan Azərbaycanla gəlib savaşası deyil. Elə Rusiyanın özünü götürək. Ermənistanın strateji müttəfiqi olsa da, bu günə qədər Azərbaycan əleyhinə bir bəyanat, bir açıqlama verməyib. Ermənistanı da qorumaq fikirləri də yoxdur. Bu da Ermənistanda böyük ruh düşkünlüyü yaradıb və Ermənistan cəmiyyətində suallar yaradır ki, necə olur Azərbaycana bu qədər dövlət dəstək verərkən, Türkiyə Azərbaycana, hətta ordu göndərməyə belə hazır olarkən, ermənilər heç bir yerdən dəstək ala bilmirlər. Rusiya da onları dəstəkləmir. Bu test ona görə də Azərbaycanda müsbət oldu. Azərbaycanı nə qədər dövlət dəstəklədi. Türkiyə Cümhurbaşqanı, müdafiə naziri, xarici işlər naziri, bütün ictimai fəallar Türkiyədə Azərbaycana birmənalı dəstək ifadə etdilər və dedilər ki, Azərbaycanla istənilən hərbi əməkdaşlığı da üst səviyyəyə qaldırmağa hazırdırlar. Mən düşünürəm ki, bu da gələcəkdə reallaşacaq. Çünki biz tək Ermənistanla savaşmırıq, onun arxasında müəyyən güclər var.
Pakistan Azərbaycanı dəstəklədi, Ukraynadan dəstək oldu. Heç kim, heç bir beynəlxalq təşkilat Azərbaycanı qınamadı. Çünki hamı görür ki, işğalçı kimdir, Qarabağ ətradında rayonlar işğal altındadır. Ona görə mən düşünürəm ki, Cənab Prezidentin Nazirlər Kabinetinin toplantısında çıxışından mənim gəldiyim qənaət bu oldu ki, hazırkı toqquşma hələ bitməyib. Biz ermənilərin dərsini hələ bundan sonra da verəcəyik. Növbəti dərsi də yəqin ki, böyük ehtimalla elə Dağlıq Qarabağda verəcəyik”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə