“Göy Məscid"də bomba həyacanı HADİSƏ

Verilmiş həyəcan siqnalı nəticəsində Ermənistanın Fövqəladə Hallar Xidmətinə İrəvan şəhərindəki “Göy Məscid"də bombanın qoyulması barədə məlumat daxil olub. SİA lragir.am-a istinadən xəbər verir ki, hadisə yerinə şəhərin yanğınsöndürən və xilasedici dəstəsi yollanıb. Hadisə barədə geniş təfərrüat qeyd olunmayıb.

Xatırladaq ki, İrəvanın mərkəzində fəaliyyət göstərən Göy məscid 1760-cı ildə İrəvan xanı Hüseynəli xanın əmriylə tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan"Göy Məscid" İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscididir.

Çar dövründə İrəvanda azərbaycanlıların dua etdikləri 8 məsciddən biri də indi adı çəkilən "Göy Məscid" olub. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. Sovet hakimiyyəti illərində - 1931-ci ildə bu məscid bağlanıb. Onun yerində İrəvan şəhər Muzeyi yaradılıb. İkinci Dünya Müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü sökülüb.
1952-də ildə isə məsciddən, hətta ayrı məqsədlər üçün də istifadə olunub.

Məscid XX yüzildə ermənilər tərəfindən iki dəfə yandırılıb. İlk dəfə 1918-ci ildə, sonra isə 1955-ci ilin martında.

Sovet hakimiyyəti dağılandan sonra – 1990-cı illərin sonlarında isə Ermənistan hakimiyyəti İrəvan muzeyini başqa yerə köçürərək məscidi təmir üçün İrana verib. 1995–2006-cı illərdə məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.
İngilis tədqiqatçısı Tom de Vaalın yazdığına görə, ermənilər İrəvandakı məscid barədə danışanda onu "fars məscidi" kimi qələmə verməyə çalışırlar. Bununla onlar "fars" deməklə məscidin 1760-cı ildən Azərbaycan türklərinə məxsus olduğunu unutdurmağa çalışırlar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə