Ermənistan təxribat törətməklə sülh danışıqlarından yayınır - ŞƏRH ÖZƏL

"Sərhədlərdə baş verən son hadisələr də Ermənistanın indiki rejiminin düşünülmüş təxribatıdır. Ermənistanın indiki rejimi həm ölkədaxili siyasətdə, həm də beynəlxalq münasibətlər və diplomatiya müstəvisində özü üçün yaranmış olan çətin və ağır vəziyyətdə çıxmaq üçün ölkədə ictimaiyyətin nəzər-diqqətini tamamilə başqa məsələlərə yönəltməyə çalışır. Hamıya bəllidir ki, Ermənistanda aparılan yarıtmaz və sistemsiz hakim siyasət nəticəsində ölkədə ağır sosial-iqtisadi vəziyyət höküm sürür. Bütün dünyanın məşğul olduğu koronavirusla mübarizə məsələsində də Ermənistan pis mənada dünyanın liderlərindən biridir. Belə şəritdə erməni cəmiyyətinin sözsüz ki, Paşinyan hakimiyyətinə qarşı münasibəti kəskin şəkildə pisləşir və Paşinyanın əvvəlki inqilabçı populyarlığl demək olar ki, yerlə-yeksan olub". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, belə bir vəziyyətdə Paşinyanın sərhəddə düşünülmüş təxribat törətmək və erməni cəmiyyətinin diqqətinin bu məsələlərdən yayındırmaqdan başqa bir çarəsi qalmır: "Digər tərəfdən beynəlxalq münasibətlər və diplomatiya müstəvisində də Ermənistan üçün çox ağır durum əmələ gəlib. Belə ki, dünyanın bütün mötəbər dövlətləri, mötəbər qurumlar ən azından deklorativ də olsa, bəyanatlarda da olsa, Azərbaycanın haqq mövqeyini və Ermənistanın təcavüzkar siyasət apardığını açıq şəkildə deyirlər. Belə şəraitdə erməni rejimi tam doğru olaraq proqnozlaşdırır ki, indi də olmasa, çox yaxın gələcəkdə Ermənistanı Azərbaycanın torpaqlarından çıxmağa vadar edəcəklər. Ona görə də Ermənistan sərhədlərdə təxribat törətməklə Qarabağ probleminin həllinə yönəlmiş sülh danışıqlarını pozmaq və özü üçün əlverişli olan stats-kvonu hansısa müddətə qədər saxlamağa çalışır".

Politoloq bildirib ki, amma bütünlüklə Ermənistanın bu statskvonu saxlamaq və işğalın nəticələrini dünyaya tanıtmaq üçün göstərdiyi bu səylər də nəticəsiz qalacaq: "Son təxribatlarda diqqət çəkən məqam da ondan ibarətdir ki, Ermənistan artıq meydanda təkləndiyini anlayır və bu cür şəraitdə ən azından özünün üzv olduğu beynəlxalq hərbi-siyasi təşkilatları da bu prosesə cəlb etmək istəyir. Sonuncu dediyim bu fikir özünü tamamilə doğrultdu. Mənim elə indicə erməni mediasından aldığım bir xəbərə görə, Ermənistanın hakim partiyasının parlamentdəki fraksiyasının lideri Lilit Makuns açıq bəyanat verib ki, sərhədlərdə baş verən bu hadisələrə Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı yəni, Ermənistanın üzv olduğu bu hərbi-siyasi təşkilat mütləq şəkildə reaksiya verməlidir".

A.Quliyev vurğulayıb ki, bizə KTMT-nin hansı reaksiyanı verəcəyi bəllidir: "Çünki dəfələrlə Rusiyanın və KTMT-nin rəbərliyi belə münqişələrə KTMT-nin qarışmayacağı barədə birmənalı bəyanatlar səsləndiriblər. Amma aşkar görünür ki, Ermənistan bu gün sərhədlərdə təxribat törətmək, sabah isə Qarabağ probleminin həlli prosesinə özünün üzv olduğu hərbi-siyasi təşkilatları cəlb eləməyi planlaşdırıb. Parlametdəki Mənim Addımım fraksiyasının rəhbərinin bugünkü bəyanatı da Ermənistanın gizli planlarını və niyyətini tamamilə ortaya qoyur".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə