Sərdar Cəlaloğludan Əli Kərimliyə “pula satılan” İTTİHAMI

ADP sədri: “Əli Kərimlinin interneti kəsilməyib, hər gün Osmanqızına, Qənimət Zahidə müsahibə verir”

Son günlərdə AXCP sədri Əli Kərimlinin siyasi müxalifət səhnəsində məhz müxalifət cinahından hədəfə alınması ilk olaraq belə nəticəyə gəlməyə zəmin yaradır ki, artıq onun siyasi bazarının necə deyərlər, “kitabı bağlanıb”. Daha dəqiq desək, onun özü başda olmaqla “Milli Şura”da cərəyan edən ağlasığmaz olaylar, qurum təmsilçilərinin qarşılarına çıxan hər kəsi hədəf götürmələri, ittiham etmələri, uğursuz iddialarda bulunmaları bumeranq effekti verir. Hətta belə demək olar ki, Ə.Kərimli nə qədər ittiham etsə belə, ona qarşı yönələn ittihamlar AXCP sədrini dalana dirəyir.

SİA xəbər verir ki, bu arada, ADP sədri Sərdar Cəlaloğlunun “Yeni Müsavat”ın canlı yayımına irəli sürdüyü bir sıra ittihamları Ə.Kərimlinin iç üzünü açıq-aydın şəkildə ifşa edib. AXCP sədrini qorxaq, yalnız öz məqsədini güdən adlandıran ADP sədri onu debatlardan qaçmaqda ittiham etməklə yanaşı, onun guya internat blokadasında olması iddialarını mümkün arqumentləri ilə alt-üst edib.

“Əli Kərimlinin nəyini kəsəcəklər ki..?”

“Səni onlayn TV-lər öz efirinə dəvət edəndə gəlmirsənsə, bunun internetə nə aidiyyatı var?”, sualını verən S.Cəlaloğlu hətta təklif də irəli sürüb: “Gəlsin, burada çıxış etsin və getsin. Nəyini kəsəcəklər ki? Kim onun internetini kəsəcək? Kiməsə nəyə görə elə gəlir ki, Əli Kərimli gəlib çıxış etsə, qeyri-adi nə isə deyəcək...”

AXCP sədrinin uzaqbaşı dövlət rəhbərliyinə qarşı radikal fikirlər səsləndirəcəyini bildirən S.Cəlaloğlu Ə.Kərimlinin “Ona görə də internetim kəsilib” bəhanələrinin yalan olduğuna işarə edərək, dəvət edildiyi digər kanallara da “getmirəm” deməsinin doğru olmadığını qeyd edib. SİTAT: “Mənim internetim kəsilməyib. Heç Əli Kərimlinin də interneti kəsilməyib. Hər gün Osmanqızına, Qənimət Zahidə müsahibə verir. Harada kəsilib onun interneti? Bu söhbətləri edib, kimləri isə şübhə altına almaq nəyə lazımdır? Azərbaycanda hansı müxalifət nümayəndəsi gəlib bu studiyada çıxış edə bilmir ki?”

“Əli Kərimli özünü ermənilər kimi məzlum aparır”

ADP sədri bütün bunların AXCP sədrinin komplekslərindən irəli gəldiyini, ermənilər kimi davrandığını deyib və əlavə edib ki, Ə.Kərimlinin davranışları ilə ermənilərin özlərini məzlum xalq kimi təqdim etməsi arasında bir bənzərlik var: “Kompleksə girmək lazım deyil. Necə ki, ermənilər özlərini döyülən, əzilən, məzlum xalq kimi təqdim edir, bu da özünü Azərbaycanda “döyülən”, “söyülən”, “bir nömrəli, məhrumiyyətlərə düçar olan lider” kimi təqdim edir...”

S.Cəlaloğluya görə, əgər bu gün Ə.Kərimli başda olmaqla, “Milli Şura”dakılar hakimiyyətlə dialoqa gedən digər müxalifət partiyalarını təhqir etmələrini özünəməxsus şəkildə tənqid edib və növbəti ifşalarda bulunub, pula satıldığını xatırladıb.

“Biz eyni cür düşünsəydik, eyni partiyada olardıq”

SİTAT: “...10 il boyunca nələr etdiyini də biz bilirik. Bu nə deməkdir? Axı belə olmaz. Sən bu yolu gedibsən, Azərbaycanda bu yolun əsasını ilk dəfə sən qoyubsan. Asim Mollazadə, Cəmil Həsənli, Qüdrət Həsənquliyev vasitəsilə kimdən nə qədər alıb, qarşılığında nə etmisən, bunu bütün Azərbaycan bilir. İlqar Məmmədovun Prezident Administrasiyasında görüşü onda niyə qıcıq doğurmalıdır axı? Biz eyni cür düşünsəydik, eyni partiyada olardıq. Bu fərqlilik odur ki, Tural Abbaslı hesab edir ki, hökumətlə danışıq aparmaq lazımdır. Sənsə hesab edirsən ki, görüşmək lazım deyil. Fərqli prinsipə görə niyə mübahisə edirsən ki?”

“Ay Cəmil Həsənli, sən mandat alandan sonra, mandatdan imtina etmək əvəzinə, AXCP-dən də imtina etdin, Əli Kərimlidən də”

S.Cəlaloğlu, eyni zamanda Cəmil Həsənlinin də görüşə gedən müxalifətçilər barədə dediyi təhqiramiz sözlərə cavab verib: “Ay Cəmil Həsənli, sən mandat alandan sonra, mandatdan imtina etmək əvəzinə, AXCP-dən də imtina etdin, Əli Kərimlidən də. Getdin oturdun parlamentdə. Sən camaata əxlaqdan dərs demə də, qardaşım... Sənin nümunən budur. Sən müxalifətdən imtina etdin. İndi sənə mandat verilməyib deyə olmusan xalq qəhrəmanı? Camaata ağzına gələni danışırsan. Bizim alimimiz bu cür ritorikaya malikdirsə, çobanından nə gözləyək? Yüksək mədəniyyət, əxlaq nümayiş etdir, danışığına fikir ver. O məsələlərdən sən “5” alıbsan, gəlib “2” alana lağ edirsən?”

Göründüyü kimi, S.Cəlaloğlunun ittihamı tamamilə haqlıdır və bu məsələyə Ə.Kərimlinin hansı münasibət sərgiləyəcəyini də indidən məlum etmək olar. Sosial şəbəkələrdə söyüş söydürmək və s. ucuz əməllərə yol vermək. Buna isə siyasət demək olmaz. Daha dəqiq desək, bu siyasi həyasızlıq və səviyyəsizlikdən başqa heç cür adlandırıla bilməz.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə