Azərbaycanın Müdafiə Nazirliyi: "Danışıqlar limiti artıq tükənmək üzrədir"

Azərbaycanın Müdafiə Nazirliyi: "Danışıqlar limiti artıq tükənmək üzrədir"

Ermənistan danışıqları pozmaq, münaqişənin həllini uzatmaqla nəyisə əldə etməyi fikirləşirsə, çox yanılır. SİA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu "Azərbaycan" qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, danışıqlar limiti artıq tükənmək üzrədir: "Azərbaycan rəhbərliyinin və xalqın iradəsinə əsaslanaraq qeyd etmək istərdim ki, danışıqlar limiti artıq tükənmək üzrədir. Ermənistan da, onun havadarları da bunu yaxşı-yaxşı dərk etməlidirlər".

ATƏT-in Minsk qrupu həmsədrləri cəbhə bölgəsindən snayperlərin geri çəkilməsi təklifi ilə çıxış etməsinə gəlincə E. Sabiroğlu: "Doğrudanmı ATƏT-in Minsk qrupunun həmsədrləri tam əmindirlər ki, snayperləri geri çəkməklə vəziyyət müsbət mənada dəyişəcək? Yoxsa bununla münaqişə həll ediləcək? Təkcə erməni snayperlərinin açdığı atəşdən insanlar həyatlarını itirməyib, demək olar ki, hər gün Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq iri çaplı silahlardan mövqelərimizi atəşə tuturlar. Hətta bu azmış kimi mülki əhalinin yerləşdiyi əraziyə raket zərbələri də endirirlər. Bunları qulaqardına vurmaq lazım deyil. İlk növbədə müharibə şəraitini doğuran amillərin kökünə nəzər yetirilməlidir. Bu amillər aradan qaldırılmayınca, snayperləri geri çəkməklə iş bitəsi deyil. Bəlkə sabah başqa bir təklif də söylədilər ki, indi də postlar geri çəkilsin. Göründüyü kimi, cavabını gözləyən belə sualların sayı az deyil"-deyə cavablandırıb.

Ermənilər tərəfindən işğal edilən Xankəndində mülki aviasiya reysi açılarsa Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri belə təxribatçı addımların qarşısını almaq üçün nə kimi tədbirlər həyata keçirə bilər? sualına cavabında isə: "Arzu etməzdik ki, Hərbi Hava Qüvvələrimiz belə bir müdaxilə etmək vəziyyətinə çatsın! Aidyyəti beynəlxalq təşkilatların qəti addımlar atmasına böyük ehtiyac var"- deyə E. Sabiroğlu cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə