“Gəncədə azyaşlı uşaqların yalnız 16 faizi məktəbəqədər tərbiyə müəssisələrinə cəlb olunur”

“Gəncədə azyaşlı uşaqların yalnız 16 faizi məktəbəqədər tərbiyə müəssisələrinə cəlb olunur”

Gəncədə azyaşlı uşaqların yalnız 16 faizi məktəbəqədər tərbiyə müəssisələrinə cəlb olunur. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev məlumat verib. Onun sözlərinə görə, ölkənin ikinci böyük şəhərində fəaliyyət göstərən tərbiyə müəssisələrində uşaqların sayının aşağı olmasını əsasən iki səbəblə izah etmək mümkündür: "Birinci səbəb ondan ibarətdir ki, Gəncə şəhərində mövcud olan bağçaların hamısı sovetlər dönəmində tikilib və bu gün istifadəyə yararsız vəziyyətdədir. Gəncənin bir neçə məktəbəqədər tərbiyə müəssisəsi istisna olmaqla, digərlərində tamamilə acınacaqlı mənzərə yaşanır".

Müsahibimizin sözlərinə görə, bağçaların təmiri üçün heç bir dövlət qurumundan vəsait ayrılmır: "İkinci səbəb isə bağcaların sayının indiki kontingenti yerləşdirməyə imkan verməməsidir. Başqa ifadə ilə desək tərbiyə müəssisələrinə cəlb olunması mümkün olan uşaqların sayı getdikcə artır, əvəzində bağcalarda yerlər çatışmır".

"Rəsmi statistika göstərir ki, Gəncə şəhərində mövcud olan bağcaların müasir standarlara uyğun yenidən qurulması ilə yanaşı, əlavə tərbiyə müəssisələrinin tikintisinə ehtiyac var", M.Əliyev deyib.

Bağçalarda uşaqlara verilən qida məhsullarında da bir sıra problemlər mövcuddur. Ən başlıca problem uşaqlara nəzərdə tutulan normadan az qida məhsullarının verilməsidir. Belə ki, normaya görə gün ərzində 1 manat 50 qəpik dəyərində qida məhsulu verilməlidir. Hazırda isə bu rəqəm 39 qəpik civarındadır. Mahal Əliyev bunu Maliyyə Nazirliyindən lazımı vəsaitin ayrılmaması ilə izah edir.

Bütün xəbərlər Facebook səhifəmizdə