“Türkiyənin yardımı daha çox mənəvi dəyər daşıyır” ÖZƏL-MÜNASİBƏT

Qardaş Türkiyə Azərbaycana koronavirus pandemiyası ilə mübarizə məqsədi ilə irimiqyaslı tibbi yardım vasitələri göndərib. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri,Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

O, xatırladıb ki, qardaş ölkənin yardım vasitələrinin tərkibi bu şəkildədir:

30 ədəd süni tənəffüs aparatı, 55.000 ədəd kombinezon, 50.000 ədəd N95 maska, 100.000 ədəd cərrahi maska, 5.000 tibbi eynək, 200.000 əlcək və virusun müalicəsində istifadə olunan 40.000 qutu müxtəlif dərman preparatı.

“Bəli, Türkiyə də, Azərbaycan da, “COVİD-19”la mübarizədə bütün ölkələrin işbirliyi və həm¬rəyliyi ilə uğur qaza¬na¬cağına inanır. Respublikamız özü bugünədək bir çox ölkəyə yardım göstərib, əlaqədar beynəlxalq quruma ianə edib, aprel-may ayları ərzində iki beynəlxalq qurumun, Türk Şurasının, Qoşulmama Hərəkatının “Virtual Zirvə”sini təşkil edib, BMT Baş Assam¬bleyasının Xüsusi sessiyasının çağrılması təşəbbüsü ilə çıxış edib. Bununla belə, Türkiyənin yardımı məhz qardaş yardımı olaraq, məhz xüsusi məhəbbətlə göndərildiyi üçün ayrı bir yerə sa¬hibdir. Belə bir söz var, “hədiyyənin dəyəri onu alarkən və bağışlayarkən keçirdiyin hisslərdədir”; başqa sözlə, “hədiyyənin dəyəri ona yüklənən anlamla ölçülür”… Mən bu sözləri yardımlara da aid edərdim. İnanıram ki, qardaş və qonşu ölkənin yardımına qərar verən dövlət xadimlərindən başlayaraq, yardımı qablaşdıran, uçağa yükləyən fəhlələrə qədər hər biri, məhz xüsusi hisslər, duyğular keçirib, bu yardım vasitələrinə xüsusi anlam yükləyib…

Türkiyənin bayrağı uca olsun! Qardaş qardaşdır, niyəsiz, necəsiz… Çox xoşdur deyək ki, bu qardaşlıq qanunauyğun xarakter daşıyır, təsadüf deyil, tendensiya deyil və özünəməxsus ənənələrə, (heç şübhəsiz, gələcəyə də!) malikdir.

Ən azı XX yüzillik boyunca bu qardaşlıq köməyi, yardımlaşma dəfələrlə öz əsilliyini, dərinlik və üfüq imkanlarını nümayiş etdirib. İstər Çanaqqalada, istərsə də, Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin yadellilərdən azad edilməsində qardaşlar bir-birinə can köməyi, şah damardan qan yardımı edib! Son illərdə, Cənab Prezidentlər Rəcəb Tayyib Ərdoğan və Cənab İlham Əliyev, onlardan örnək alan yüksək çinli rəsmlərimiz ayrı-ayrı mötəbər tribunalardan tarixi dəstəklər ifadə edib.

24 aprel 2014-cü ildə Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan Sammitdə, Türkiyənin təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti Serj Sarkisyanın öz çıxışını bütünlüklə qondarma “erməni soyqırımı” ilə bağlaması qarşılığında, Azərbaycan Prezidentinin dediyi tarixi sözləri xatırlatmaq istərdim:

“Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”. Türkiyənin Van bölgəsində zəlzələnin nəticələrini aradan qaldırmaqçün digər ölkə xilasedicilərinin gəlişinə ehtiyac olmadığını minnətdarlıqla bildirən Türkiyə rəhbərliyinə “bəs nə üçün Azərbaycan xilasedicilərinə izn verdiniz?” deyildiyində, “Onlar izn iztəmədi ki! Hadisədən həmən sonra burdaydılar..!” şəklində tarixə düşəcək cavab verdiyini xatırlatmaq istərdim. Yaxud qardaş ölkə Prezidentinin ötən ilin sentyabrında Nyu-Yorkda, BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən iclasda dediyi, “BMT-nin qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır, Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir” sözlərini xatırlatmaq istərdim.

Əlbəttə və çox şükürlər ki, belə canıyananlıq, cəsarət və qardaşlıq örnəkləri çoxdur. Yalnız iki parlaq misal əsasında da gösrünür ki, Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə qardaşlığı, mə¬həbbəti, yardaımı… xalqlarımızın, ölkələrimizin ruhuna, təbiətinə əsaslanır. Ona görə də, Türkiyənin bu, yeni yardımı maddi-tibbi dəyərindən daha artıq dərəcədə mənəvi dəyər daşıyır. O uçaq həm də duyğu və könül çırpıntısı yüklüydü… Əlbəttə, işin mənəvi planı, duyğu yükü, göndərilən yardımın tibbi, maddi dəyərini qətiyyən azaltmır. Dünyanın da, bizim də yaşadığımız arzuolunmaz dönəmdə, qlobal pandemiya ortamında daha təsirli mübarizə aparmaq üçün hər bir maska da, hər əlcək də, hər ventilyator da önəmlidir.

Bir daha, qardaş ölkəyə böyük uğurlar, istiqbal və bayraq ucalığı arzulayıram!

Qardaşlığımız sarsılmasın!

Hər iki ölkədə, bütün dünyada “COVİD-19”dan həyatını itirənlərə rəhmət, xəstələrə şəfa diləyirəm!”, deyə Əkbər Qoşalı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə