Aya turist səyahəti başlandı - 150 milyon dollara

Aya turist səyahəti başlandı - 150 milyon dollara
Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) ilə razılaşma əsasında Beynəlxalq Kosmik Stansiyaya (BKS) 7 mülki şəxsi göndərmiş "Speys edvençurs" şirkəti Aya kommersiya əsasında səyahət etmək arzusunda olanlardan müraciətlərin qəbuluna başlayıb. Belə səyahətin dəyəri 150 milyon dollara bərabərdir. ABŞ-ın Virciniya ştatında yerləşən şirkətin prezidenti Tom Şelli jurnalistlərə bildirib ki, "Soyuz" kosmik gəmisində Ayın səthindən 100 kilometr məsafədə dövrə vurmaq istəyən bir şəxsdən artıq müraciət daxil olub.
Aya 3-5 ildən sonra kommersiya uçuşunu həyata keçirmək üçün ikinci kosmik turist müəyyənləşdirilməlidir. Şelli bildirib ki, bu sahədə irəliləmək üçün bizə ikinci müqavilə lazımdır. Şirkət cari ilin axırınadək kosmik uçuşun ilkin müddətini elan etmək niyyətindədir.

Tom Şellinin sözlərinə görə, səyahət zamanı Ayın səthinə eniş nəzərdə tutulmur. Səyahət 7-8 gün çəkəcək. "Soyuz" kosmik gəmisi 3 nəfər üçün nəzərdə tutulmuşdur və bu yerlərdən biri təcrübəli kosmonavt - komandir, digər iki yer turistlər üçündür. Onlar Ay planetinin Yer kürəsindən uzaq tərəfini görmək şansı əldə edəcəklər. İndiyədək Ayın həmin tərəfini yalnız 24 adam görüb. Şelli bunu dedikdə NASA-nın "Apollon" proqramında iştirak etmiş ABŞ astronavtlarını nəzərdə tutur.

Kosmik uçuşun ilkin proqramına görə, içərisində pilot və iki turist olan "Soyuz" gəmisi Yer kürəsindən start götürəcək və Yerin orbitində bir müddət dayanacaq. Bu mərhələdə turistlərin Beynəlxalq Kosmik Stansiyada olmaları da istisna edilmir. İlk kosmik gəmi ilə eyni vaxtda pilotsuz yanacaqdoldurma gəmisinin də orbitə çıxarılması nəzərdə tutulur. Həmin gəminin çənlərində olan yanacaq "Soyuz" kosmik gəmisinə Yer kürəsi ətrafında yarımdövrə vurmaq, ellipsvari orbitə keçmək, Ay planetinə çatıb onun ətrafında fırlanmaq, sonra isə Yer kürəsinə qayıtmağa kifayət edəcək.

"Speys edvençurs" şirkətinin köməyi ilə ABŞ sakinləri Dennis Tuto (2001-ci il), Anyuşa Ansari (2006), Çarlz Simoni (2007 və 2009), Qreqori Olsen (2005), Riçard Herriot (2008), Cənubi Afrika Respublikası sakini Mark Şattlvort (2002) və kanadalı Gi Laliberte (2009) Beynəlxalq Kosmik Stansiyada olublar. Azərtac

Bütün xəbərlər Facebook səhifəmizdə