ÜST: “Bəzi ölkələrdə müsbət nəticələr mövcuddur, lakin həqiqətə qalanda pandemiyanın dalğası güclənir”
Koronavirus pandemiyasının dünyaya təhlükə saçması faktı ilə yanaşı, artıq ikinci dalğanın qapını döyməsi reallığı bir sıra ölkələrin yenidən sərt qərarlar vermələri ilə nəticəsini tapmaqdadır. Daha dəqiq desək, Avropa İttifaqına və bu qitənin məkanına aid olan ölkələrin bir qismində COVID-19-a yoluxanların sayının azalmasının ardınca infeksiya ilə mübarizə məsələsində bəzi boşluqların yaranması yoluxma faktlarının yenidən artmasına səbəb olmaqdadır.
İnfeksiyanın yoluxma həddi COVID-19 pandemiyasının ən qızğın dövründəkindən üç dəfə (!) artıqdır
SİA xəbər verir ki, bununla bağlı euronew bəzi məqamlara toxunaraq qeyd edir: “Birləşmiş Krallıqda ümumi yoluxanların sayı çərşənbə axşamı günü 312 min nəfərdir, epidemiyanın ocağı Leyterdə isə vəziyyəti nəzarətə götürmək mümkün olmayıb. İnfeksiyanın yoluxma həddi COVID-19 pandemiyasının ən qızğın dövründəkindən üç dəfə (!) artıqdır”.
Qeyd olunur ki, artıq hakimiyyət şəhəri sərt karantin rejiminə bağlayır. Bu barədə İctimai palatada Böyük Britaniyanın səhiyyə naziri Mett Nenkok deyib. “Təcrid qaydaları əvvəlki kimi qalır – ehtiyac olmadıqda evdən çıxmamaq, heç yerə səfər etməmək, alış-verişi yalnız şəhərin ən yaxın yerində etmək”, britaniyalı nazir bildirib.
Leyter sakini: “İnsanlar böyük kütlələrlə küçələrdə veyillənirdilər, restoranlar və pablar açıq idi və burada təəccüblənəcək heç nə yoxdur”
O cümlədən, bildirilir ki, son günlər Leyterdə 950 virus daşıyıcıları müəyyən olunub. Məhz bu baxımdan, sərt karantin rejiminin tətbiqinə etiraz edənlərə baxmayaraq, onu dəstəkləyənlər də kifayət qədərdir. Onlar insanların məsuliyyətsizlikləri, digərlərinin sağlamlıqlarına etinasız yanaşmaları və s. tələb edilən qaydalara riayətlərin olunmaması kimi halları önə sürməklə, şəhərin karantinə bağlanması tələbini alşıqşayırlar.
Leyter sakini olan bir xanım deyir: “Axı heç kim sosial məsafəni qorumurdu, insanların yarısı ümumiyyətlə masa taxmırdı, əllərini dezinfeksiya etmirdi. İnsanlar böyük kütlələrlə küçələrdə veyillənirdilər, restoranlar və pablar açıq idi və burada təəccüblənəcək heç nə yoxdur”, xanım sakin yoluxma hallarının artmasına münasibətini bildirərkən deyib.
Serbiyada da ictimai yerlərdə qoruyucu maskalardan istifadə edilməsi məcburi olmadığı üçün, nəticədə yoluxmaların sayında sürətli artım müşahidə olunur.
Ümumdünya Səhiyyə Təşkilatı insanları maksimal şəkildə ehtiyatlı olmağa çağırır və bəyan edir ki, ən qızğın bir vaxtda xəstələnənlərin sayı o qədərdir ki, koronavirusa qarşı səfərbərliyin başa çatmasını demək olmaz.
Tedros Adxan Qebreysus: “Bəli, bəzi ölkələrdə müsbət nəticələr mövcuddur, lakin həqiqətə qalanda pandemiyanın dalğası güclənir”
Təəssüf ki, bəzi siyasi dairələr və deznformasiya şəbəkələri ÜST-ün fəaliyyətinə kölgə salmaq üçün əllərində olan bütün yalan maşınlarını işə salır, bu vasitə ilə bəşəriyyətin qaldığı təhlükənin artmasına müyəssər olmağa cəhdlər göstərirlər. Lakin bütün bunlara rəğmən, ÜST koronavirusla mübarizədə savaşın ön cəbhəsindədir və insanlığı tez bir zamanda bu qorxunc, təhlükəli bəladan qurtarmaq üçün yollar axtarır. Bu gün dünyanın bir çox ölkələrində COVID-19-a qarşı vaksinin axtarılmasından başlayaraq, dərman preparatlarının tətbiqinə qədər bütün müvafiq addımlar atılmaqdadır.
Keçirilən brifinqdə bu barədə ÜST-ün baş direktoru Tedros Adxan Qebreysus deyib və xəbərdarlıq da edib: “Biz tez bir zamanda adi və normal həyata geri dönmək üçün istəkləri anlayırıq, lakin xatırladırıq ki, heç nə bitməyib, heç nə başa çatmayıb. Bəli, bəzi ölkələrdə müsbət nəticələr mövcuddur, lakin həqiqətə qalanda pandemiyanın dalğası güclənir”.
Amerikanın sahil kənarları olan ştatları istirahət və müstəqillik günü ərəfəsində plyajları bağlayır
ABŞ-da – koronavirusa youxanların sayının 2 milyon 700 min nəfər olduğu ölkədə sahil kənarları olan bir sıra ştatların rəhbərlikləri plyajları qarşıdan gələn istirahət və Amerikanın müstəqilliyi günündə bağlamaq qərarına gəlib. Mütəxəssislər bildirirlər ki, infeksiya ən sürətli şəkildə məhz təcrid tətbiqlərinin daha əvvəl aradan qaldırıldığı yerlərdə qeydə alınmaqdadır. Halbuki epidemioloji vəziyyət bunu tələb etmirdi.
Göründüyü kimi, vəziyyət həqiqətən də gərgindir və bu gərginliyi yaradanlar da təəssüf ki, insanlardır – məsuliyyətsizliyi ön görən, qaydaları pozan, tələbləri qəbul etməyən insanlar...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB