“Prezidentin atdığı addımlar tarixə yazılacaq” ÖZƏL-ŞƏRH

Ümumiyyətlə bu koronavirus pandemiyası dönəmində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin liderlik keyfiyyətləri özünü bariz şəkildə göstərməkdədir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, Prezident çox qısa bir müddətdə təşəbbüsləri tez ələ aldı, beynəlxalq platformalarda önə çıxdı: “Əslinə qalanda, dünyanın aparıcı dövlətləri, qlobal gücləri bunu etməli idi, amma Azərbaycan Prezidenti Cənab İlham Əliyev hamıdan önə çıxdı, təşəbbüskarlıq göstərdi. Türk Şurasının videokonfransı, orada Ümumdünya Səhiyyə Təşkilatı rəhbərinin iştirakı, ardınca yenə də, Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə Qoşulmama Hərəkatının toplantısının keçirilməsi və təbii ki, hər iki toplantıda da pandemiya üzrə müzakirələrin qurulması, eyni zamanda Cənab prezident İlham Əliyevin ayrı-ayrı dövlət, təşkilat rəhbərləri ilə, xüsusən də böyük biznes, texnologiya qurumlarının rəhbərləri ilə müzakirələri diqqətdən yayınan deyil. Bütün bunlar onun təşəbbüskarlığının göstəricisidir və indi də BMT-nin bu toplantısının keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb və təşəbbüsə də 130 ölkənin artıq dəstək verdiyi bildirilir. Mən dünən eşitdim ki, Antonio Quterreşin özü də buna müsbət münasibət bildirib və yaxın zamanlarda bu toplantı da yəqin ki, keçirililəcək.

Demək istədiyim odur ki, Cənab Prezident sadəcə olaraq indiki mərhələdə özünü təkcə bir ölkə başçısı kimi deyil, qlobal lider kimi aparır. O, təkcə Azərbaycanı, rəhbərlik etdiyi bir dövləti düşünmür, təkcə rəhbərlik etdiyi dövlətin xalqını düşünmür, eyni zamanda bəşəriyyətin, bütün dünya insanlarının taleyini düşünür və belə təşəbbüslərlə də çıxış edir. Ona görə də həmin təşəbbüslər dəstəklənir, alqışlanır və nəticəsi də ümumikdə bəşəriyyətə faydalı olur. Mən düşünürəm ki, Azərbaycan Prezidentinin belə təşəbbüskarlığı bir lider kimi xüsusən də belə böhranlı bir zamanda qlobal səviyyədə özünü göstərməsi əlbəttə ki, bizim üçün çox faydalı, seçkin bir durumdur. Yəni, bir azərbaycanlı olaraq, Azərbaycan vətəndaşı olaraq dövlətimizə belə bir şəxsin başçılıq etməsi bizim üçün həqiqətən də ürəkaçandır. Mən düşünürəm ki, Cənab Prezident İlham Əliyevin bəşəriyyətin taleyini xilas etmək üçün atdığı bu addımlar yüz illər bundan sonra da tarix kitablarına düşəcək, tarixə yazılacaq və əlbəttə ki, xüsusi olaraq təhlil ediləcək".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə