“Azərbaycan elektrik enerjisini alan ölkədən satan ölkəyə çevrilib” ÖZƏL-MÜNASİBƏT
Həqiqətən Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik edəndə bir çox məsələlərin həllinə nail olurdu ki, bu da onun nüfuzu sayəsində reallaşırdı. Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbərinin sözlərinə görə, Mingəçevir Su Elektrik Stansiyasının tikilməsi, Azərbaycanın elektriklə təmin olunmasının təşkili, üstəlik, digər başqa müəssisə və zavodların tikilməsi, məsələn Bakı Kondisionerləri Zavodunun tikilməsi Ümummilli Lider heydər Əliyevin fəallığı nəticəsində mümkün oldu.
"Moskvada Heydər Əliyevin nüfuzu nəzərə alınırdı və bu nüfuzdan da yararlanaraq o, Azərbaycan üçün fabrik və zavodlar açırdı. SSRİ dağıldıqda və Azərbaycan müstəqillik qazandıqda zavod və fabriklərin çoxu dayandı. Elektrik enerjisi ilə də çox ciddi problemlərimiz yarandı. Başqa ölkələrdən biz elektrik enerjisi almaq məcburiyyətində qaldıq. Borlarımız yarandı. Olan stansiyalar da istifadəyə yararsız hala gəldi. Son illərdə Cənab İlham Əliyevin rəhbərliyi ilə bu işlərə üstünlük verildi və Mingəçevir Su Elektrik Stansiyası müasirləşdi, həmin o məlum son hadisədən sonra yenidən quruldu. Üstəlik, yeni-yeni stansiyalar da tikildi. Azərbaycan elektrik enerjisini bir vaxtlar alan ölkədən indi satan ölkəyə çevrilib. Biz elektrik enerjisini qonşu ölkələrə satır və bundan gərəkli valyuta qazanırıq. Həmçinin, dövlət başçısı günəş və külək enerjisi kimi alternativ enerjiyə də üstünlük verir. Bu məqsədlə bir neçə ay öncə səhv etmirəmsə, Səudiyyə Ərəbistanının iki böyük şirkəti ilə saziş də imzalandı. Həmin saziş əsasında Azərbaycanda günəş panelləri qoyulacaq və bir neçə ildən sonra Azərbaycan enerjinin 20-30 faizini alternativ mənbələrdən əldə edə biləcək. Bu da Azərbaycan üçün çox vacibdir. Çünki, istənilən dövlətin, istənilən ölkənin inkişafı onun enerjisi ilə, resursları ilə bağlıdır. Ona görə ki, yeni tikilən zavopd və müəssisələr elektrik enerjisi ilə təmin olunmalıdır.
Əhali də bu enerjidən istifadə edir. Əgər ötən əsrin 90-cı illərində tez-tez elektrik enerjisinin verilişi, nəticədə işıqlar kəsilirdisə, son illərdə bu baş vermir. Ən ucqar kəndlərə belə elektrik enerjisi verilir, qaz çəkilib. Problemlər getdikcə minimuma endirilir və problemlərin çoxu da həll olunur.
Yenə də təkrar edirəm, Azərbaycanın dövlət başçısının əsas siyasəti budur ki, Azərbaycana investisiya daxil olsun, Azərbaycanda xarici şirkətlər açılsın, turizm inkişaf etsin. Bütün bunlar üçünsə, mütləq mənada elektrik enerjisi ilə təminat vacibdir. Çünki, turizm mərkəzləri, müəssisələr davamlı, fasiləsiz şəkildə elektrik enerjisi ilə, qazla təmin olunmalıdır və bu işdə, bu fəaliyyətdə Azərbaycan çox irəli gedib", deyə Elxan Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB