Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır ÖZƏL - AÇIQLAMA

Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır ÖZƏL - AÇIQLAMA

"Müasir dövrdə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar. Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən, dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etmişdir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

O bildirib ki, Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlət başçısının bütün səyləri regionun inkişafına və sabitliyin qorunub saxlanılmasına yönəlmişdir:

"Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Gürcüstan-İran və digər əməkdaşlıq formatları buna əyani sübutdur. Keçən dövr ərzində müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət başçıları səviyyəsində keçirilmiş Azərbaycan-Rusiya Regionlararası Forumuna, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyənin xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünə də ev sahibliyi etmişdir.

2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan, son illər ərzində sabit inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki fəaliyyəti ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq, bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir.

Ermənistan və onun havadarlarının bütün səylərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atıldı, 120 dövlətin təmsil olunduğu və olkəmizin də 2011-ci ildən üzv olduğu Qoşullmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilən Zirvə Görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail olundu".

Siyasi elmlər doktoru Elçin Əhmədov qeyd edib ki, hazırda Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir:

"Bu mühüm qlobal layihələr onu göstərir ki, artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi - "Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz". Nəticədə, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.

Azərbaycan Prezidenti qeyd etdi ki, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Eyni zamanda, ölkəmizdə həyata keçirilən struktur və kadr islahatları səmərəli, işlək idarəçilik mexanizminin daha da inkişaf etdirilməsini və müasir dövrün tələblərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Bu baxımdan, Azərbaycanda həyata keçirilən islahatlar dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ, eləcə də bir sıra ekspertlər, iqtisadi-maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir.

Bu baxımdan, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın 28 May - Respublika Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub da hazırda iki dövlət arasında olan münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinin yeni inkişaf mərhələsinə keçdiyinin göstəricisi kimi dəyərləndirilir. Bununla yanaşı, məktubda qeyd edilir ki, Birləşmiş Ştatların Azərbaycan xalqının yanında olduğu bildirilir və Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı, həmçinin sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakı davam etdirilməsi bildirilir.

Azərbaycan Birləşmiş Ştatlarının fəal regional təhlükəsizlik siyasətinə, beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə, hərbi və siyasi tərəfdaşlıq çağırışlarına hərtərəfli dəstək verib. Təbii ki, hansısa formada NATO-ya qoşulmaq, öz təhlükəsizlik taleyini bu Alyansla bağlamaq məsələsi istisna olmaqla Azərbaycan ABŞ-la və NATO ilə “Sülh naminə tərəfdaşlıq” və “Fərdi tərəfdaşlıq” proqramları çərçivəsində ikitərəfli və çoxtərəfli hərbi-strateji əməkdaşlığı gücləndirib, Əfqanıstana və İraqa Birləşmiş Ştatlarının və NATO təyyarələrinin sərbəst uçuşu üçün hərbi hava dəhlizi açıb, o cümlədən ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasına qoşularaq, onunla birlikdə dünyanın ayrı-ayrı münaqişə bölgələrində sülhyaratma proseslərində iştirak edib. Bu baxımdan, ABŞ-ın bu mövqeyi beynəlxalq hüquqa tam uyğundur, eyni zamanda, həm Rusiya, həm də Birləşmiş Ştatlarla strateji tərəfdaşlığa üstünlük verən Azərbaycanın geosiyasi maraqlarına da tam cavab verir.

Qeyd etmək vacibdir ki, müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu günədək “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin səviyyəsindən razı olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, “Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri çox yüksək səviyyədədir”. Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynamışdır. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyətli rol oynamışdır. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və söz sahibi olan iştirakçılarıdır. Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz".

Onun sözlərinə görə, hələ, 2004-cü il oktyabrın 10-da Surixdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını özündə əks etdirən protokolların imzalanmasından sonra isə Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəsmən bəyan etdiyi sözlər qardaş dövlətin Azərbaycanın milli maraqlarına zidd olacaq qərar qəbul etməyəcəyinə olan inamı daha da artırdı və o bildirdi ki, ermənilər işğal altındakı Azərbaycan torpaqlarını azad etməsə, protokolların parlamentdə təsdiqlənməsi mümkün olmayacaq:

"Türkiyənin Ermənistanla sərhədlərini bağlamasının əsas və tək səbəbi də məhz Kəlbəcər rayonunun işğal altına düşməsi olmuş və 1993-cü ilin aprel ayından sərhədlər bağlanmışdır. Tariximiz, soyumuz, mədəniyyətimiz bir olan iki dövlət kimi dəyərləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki, Qafqaz İslam Ordusu bundan yüz il əvvəl qardaşlarını zülmdən xilas etmək üçün Azərbaycana gedərkən bu düşüncə ilə hərəkət emiş və 1918-ci ildə apardığı, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında da rol oynayan mübarizəsi bugünkü Azərbaycanın müstəqilliyinin təməllərinin atılmasına da töhfə vermişdir. Bununla yanaşı, Türkiyə Prezidenti vurğulamışdır ki, Azərbaycanın illərdir qanayan yarası olan Qarabağ problemini həmişə Türkiyənin öz problemi, orada yaşanan faciələri öz faciəsi hesab etdiyini bildirən Dövlət başçısı Azərbaycanda Türkiyəni sevən insanların qardaş ölkədə inkişaf proseslərini çox böyük sevinclə qarşıladığını diqqətə çatdıraraq Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafının bizi ürəkdən sevindirdiyini bildirdi: “...Türkiyə bu gün dünya çapında bir gücdür və getdikcə bu güc daha da böyüyür, dostlar sevinir, istəməyənlərin isə kefi pozulur. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir...Biz bütün məsələlərdə bir yerdəyik. Mən qeyd etdiyim kimi, bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik”. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli həllini tapmalı, ölkəmizin ərazi bütövlüyü bərpa edilməli olduğunu bildirən dövlət başçısı İlham Əliyev demişdir ki, məsələnin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmamış, Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir və bu dəstək, eləcə də həmrəylik bizə əlavə güc verir.

Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı İlham Əliyev Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirmişdir. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan etdi ki, “Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcəkdir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə