"Əgər deyilənlərə əməl olunmasa cərimələr artırılacaq" ÖZƏL-MÜNASİBƏT

"Əgər deyilənlərə əməl olunmasa cərimələr artırılacaq" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Gəncəyə, Samuxa, Mingəçevirə səfəri zamanı insanlarla görüşündə bir daha koronavirus pandemiyasına toxundu. Bu mənada hesab edirəm ki, hər kəs burada öz məsuliyyətini dərk etməlidir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, çox təəssüflər olsun ki, bəzi insanlarımız hələ də bu virusu gülünclə qarşılayır və elə hesab edir ki, o heç bir zaman xəstələnə bilməz: "Həmin insanlar bu məsələlərə dırnaqarası baxırlar. Axı sən nəyə görə tək özünü fikirləşirsən? Axı sən bu cəmiyyətdə tənha deyilsən? Sənin ətrafında onlarla, yüzlərlə, minlərlə insanlar var. Gərək ki, sən onları da fikirləşəsən. Sənin günahından tək sən özün deyil, o insanlar da virusa yoluxa bilər. O mənada hesab edirəm ki, burada inzibatçılıq olmaqla yanaşı, ictimai qınaq, şüurlu bir yanaşma, məsuliyyət də ön planda olmalıdır. Yəni dövlət üzərinə düşən nə lazımdırsa onu yüksək səviyyədə edir. Amma vətəndaş da öz məsuliyyətini dərk etməlidir. Mən bu yaxınlarda deputatlıq fəaliyyətimlə bağlı bir neçə rayonda oldum. Bu gün elə yaşayış məntəqləri var ki, orada çox əcaib bir mənzərə ilə qarşılaşırsan. Bəzən görürsən ki, tək-tək maska taxan insanlara kənardan baxanlar lağ edirlər. Onu əllə göstərib məsxərəyə qoyurlar. Mən o bölgələrin hər birində maskadan istifadə edib insanlarımızı da vəziyyətin ciddiliyinə əməl etməyə çağırmışam.

Bu gün çox qəribə bir vəziyyət yaranıb. Belə olan təqdirdə Azərbaycan dövləti də cərimələrin yenidən artırılması məsələsinə baxa bilər. Mənim istədiyim odur ki, bizim vətəndaşlarımız, insanlarımız məsuliyyətlərini dərk etsinlər və proseslərə ciddi yanaşsınlar. Yəni biz o qədər səthi düşünürük və o qədər anlaşılmaz mövqe göstəririk ki, bizi mütləq cərimə etməlidirlər, cəzalandırmalıdırlar. Hesab edirəm ki, buna şüurlu məsuliyyətlə yanaşmaq o cərimələrdən daha üstün, daha yaxşı fayda verə bilər. Bəzən görürsən ki, 2-3 nəfər vətəndaş gəlir və polisi görən kimi dərhal cibindən maskanı çıxarıb taxırlar. Polisdən uzaqlaşan kimi yenə maskanı çıxarıb cibinə qoyur. Axı sən kimi aldadırsan? Bu gün artıq gündəlik yoluxmalar 600-ə çatır. Bu çox dəhşətli bir göstəricidir. Əgər deyilənlərə əməl olunmasa inzibatçılıq da kəskinləşəcək, cərimələr də artırılacaq, hətta deyərdim cinayət məsuliyyətinə də cəlb olunmalar artırılacaqdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə