"Onların bu eqoistik hərəkətləri əslində hüquq pozuntusudur" ÖZƏL-MÜNASİBƏT

"Onların bu eqoistik hərəkətləri əslində hüquq pozuntusudur" ÖZƏL-MÜNASİBƏT

"Hökumətinin həyata keçirdiyi bütün tədbirlərə baxmayaraq, koronavirusla bağlı məlumatlar yeterincə qorxuncdur. Yoluxmalar bu sürətlə davam edərsə, xəstəxanalarda yer olmayacaq, həkim çatışmazlığı kimi problemlə də üz-üzə qala bilərik. İyunun 24 - də Prezident Ilham Əliyev I vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Gəncədə modul tipli xəstəxana korpusunun açılışı zamanı etdiyi çıxışında bu məqamları xüsusi vurğuladı". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, virusun yayılması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə bir müddət əvvəl edilən əlavə və dəyişikliklər də hələ ki, nəticə verməyib. Bildiyiniz kimi, sözügedən dəyişikliklər karantin qaydalarını pozan, əməlləri ilə infeksiyanın genişlənməsinə rəvac verən vətəndaşlara qanunun gücü ilə təsir etməyi nəzərdə tutur. Söhbət ciddi cəza və cərimələrdən gedir. Lakin görünən odur ki, pandemiya yüksələn xətlə irəliləyir. Səbəb bir çox adamların qapalı məkanlarda qoruyucu vasitələrdən istifadə etməməsi, məsuliyyətsizliyi, ətrafdakılara biganəliyidir. Onların bu eqoistik hərəkətləri əslində hüquq pozuntusudur. Çünki cəmiyyətin həyatına təhlükədir, pandemiya ilə mübarizəyə açıq maneədir.

Bəs nə etməli? Bunun çox effektiv bir yolu var. Hər birimiz vətəndaş kimi, bu cəmiyyətin üzvü olaraq davranışları ilə infeksiyanın yayılmasına fürsət verən hər bir nəfərin üzərinə getməliyik. Hansı qapalı məkanda olursa-olsun - market, aptek, iş yeri, nəqliyyat və s.- maskasız gəzən, məsafə saxlamayan, epidemioloji tələbləri, metodiki tövsiyələri qulaq ardına vuran istənilən fərdə qarşı səsimizi çıxarmalı, onu qınaq obyektinə çevirməli, yeri gələrsə, çevrədəki insanların dəstəyi ilə hüquq-mühafizə orqanlarına təhvil verməliyik.

Sosial şəbəkələrdə çaşqınlıq, panika, inamsızlıq yaratmaq istəyən ünsürlər də cəmiyyətin sərt üzünü görməlidir. Çin kimi milyard yarımdan çox əhalisi olan ölkə pandemiyanı məhz belə yollarla cilovlaya bildi. Bizim nəyimiz onlardan əksikdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə