ADU-da milli cazın xüsusiyyətləri müzakirə edilib

ADU-da milli cazın xüsusiyyətləri müzakirə edilib
Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya-Resurs Kompleksində (İRK) İRK-nın "Türk dünyası" Folklor Mərkəzinin təşkilatçılığı ilə "Milli cazın xüsusiyyətləri" adlı tədbir keçirilib. ADU İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-nın verdiyi xəbərə görə, "Türk dünyası" Folklor Mərkəzinin rəhbəri Rəna Salehova qonaqları salamlayaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb. O qeyd edib ki, aprel ayında ABŞ-da caz ayı kimi qeyd olunur. Sonra R.Salehova musiqişünas, bir sıra musiqi kitablarının müəllifi Farizə Babayevanı qonaqlara təqdim edərək sözü ona verib.

Farizə Babayeva çıxışında aprel ayının həm də məşhur musiqiçilər, Azərbaycanda caz sənətinin yayılmasında müstəsna xidmətləri olan Vaqif Mustafazadənin və Rafiq Babayevin doğum ayı olduğunu qeyd edib. Cazın folklorla əlaqəsindən danışan F.Babayeva vurğulayıb ki, caz mədəni potensial olan yerdə mövcuddur. Milli cazın yaranma tarixi haqqında qonaqlara məlumat verən F.Babayeva adıçəkilən musiqi növünün ölkəmizdə yaranması və yayılması şəraiti haqqında da danışıb. O, Azərbaycanın görkəmli caz ustaları haqqında da məlumat verib. Bildirib ki, Azərbaycanda bu musiqi növünün yayılıb inkişaf etməsində Tofiq Quliyev, Niyazi, Vaqif Mustafazadə, Rauf Hacıyev, Rafiq Babayev kimi görkəmli bəstəkarların böyük əməyi var. Tədbirdə Tofiq Quliyevin Azərbaycanda caz sənəti haqqında dedikləri video-süjet şəklində qonaqlara təqdim edilib.
Sonra tədbir "Azərbaycanda caz" mövzusunda diskussiya ilə davam edib. Professor Rəhman Bədəlov, politoloq Toğrul Cuvarlı, Avropa Mədəniyyət Parlamentinin üzvü Cahangir Səlimxanov, kinoşünas Ülvi Mehdi, mədəniyyətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Turan Məmmədəliyeva, caz ustası Salman Qəmbərovun iştirak etdiyi diskussiyada milli cazın problemləri, perspektivləri müzakirə edilib. Bildirilib ki, caz musiqisinə marağı artırmaq üçün bir sıra işlərin həyata keçirilməsi vacibdir.

Tədbirdə iştirak edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov maraqlı diskussiyaya görə iştirakçılara təşəkkür edib. Cazı mədəniyyətin əsas növlərindən biri adlandıran S. Seyidov bu kimi görüş və diskussiyaların demək olar ki, hər gün keçirilməsinin vacibliyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə