Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Koreyada rəsmi səfərdə olub

Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Koreyada rəsmi səfərdə olub

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasının Fövqəladə Halların İdarə Olunması Milli Agentliyinin rəhbəri Park Yeon Sunun dəvəti ilə aprelin 28-29-da həmin ölkədə rəsmi səfərdə olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində P. Y. Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan nümayəndə heyəti arasında geniş tərkibli görüş keçirilib.

 

Görüşdə iki qurum arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi müzakirə edilib. Həmçinin, 23 aprel 2007-ci il tarixində Seul şəhərində imzalanmış "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikası Fövqəladə Halların İdarə olunması Milli Agentliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun müddəalarının yerinə yetirilməsi məsələləri nəzərdən keçirilib.

 

Səfər çərçivəsində Koreya Respublikası Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə də tanışlıq olub. Həmçinin, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində müxtəlif avadanlıqların istehsalı ilə məşğul olan bir sıra Koreya şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə