Azərbaycan Prezidentinin məntiqli çıxışı qarşısında rəzil duruma düşən Paşinyan…
Prezident İlham Əliyev: “Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyı”
İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində iştirak edən ölkə Prezidenti İlham Əliyev çıxışı zamanı Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu bildirib: "Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb: “Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir".
"İşğala və humanitar fəlakətə baxmayaraq, Azərbaycan sosial-iqtisadi inkişafda böyük nəticələr əldə edib"
Azərbaycan Prezidenti çıxışı zamanı bildirib ki, ölkəmiz işğala və humanitar fəlakətə baxmayaraq sosial-iqtisadi inkişfda böyük nəticələr əldə edib: "İşğala və humanitar fəlakətə baxmayaraq, Azərbaycan sosial-iqtisadi inkişafda böyük nəticələr əldə edib. Son 16 ildə ümumi daxili məhsulumuz 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın zamanda biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacağıq. Ölkəmiz Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olmuş və bu layihənin maliyyələşdirilməsində iştirak etmişdir. Cənub Qaz Dəhlizi həm Azərbaycanı Aİ bazarına bağlayacaq, həm də Avropaya enerji mənbələrinin şaxələndirilməsi üçün geniş imkanlar yaradacaq”.
"Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb"
Prezident İlham Əliyev, həmçinin koronavirus pandemiyasına qarşı görülmüş tədbirlərdən və bu sahədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı nümunəvi ölkə adlandırdığını deyib: "Koronavirus pandemiyasına qarşı görülmüş tədbirlər bizə vəziyyəti nəzarətdə, itkiləri isə minimum səviyyədə saxlamağa imkan verib. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə 2019-cu ildə təşkilata sədr seçilən Azərbaycan bu il mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayn formatda Zirvə Görüşünü təşkil etmişdir. Biz Avropa İttifaqı və Afrika İttifaqının həmin tədbirə qoşulmalarını yüksək qiymətləndiririk. Ali nümayəndə cənab Jozep Borelə videomüraciətinə görə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirik ki, bu, Avropa İttifaqı və Qoşulmama Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacaqdır. Biz, həmçinin BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi iclasının keçirilməsini təklif etmişik. Azərbaycan pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, ölkəmiz bu günə qədər 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirməyi planlaşdırır”.
Paşinyan bu dəfə də özünü ifşa etdi…
Lakin Ermənistanını baş naziri Nikol Paşinyan isə əvvəlki sammitlərdə olduğu kimi bk sammitdə də özünü gülünc vəziyyətə saldı. Başqa cür də ola bilməzdi. Çünki qabında olan bu idi. Savadsız, küçədən hakimiyyətə gələnin düşüncəsi də belə olmalı idi. Və həmişə olduğu kimi, bu dəfə də videokonfransda Ermənistanın baş naziri Nikol Paşinyanın ermənicə replika atması da gözdən qaçmadı.
Ancaq hər zaman olduğu kimi məntiqsiz, cəfəngiyyatla, yalanla dolu müdaxiləsi, ölkəmizi ittiham etməsi Prezidentimiz tərəfindən kəskin şəkildə cavablandırıldı. Və Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdi.
Ən tutarlı məqam isə, Prezident İlham Əliyevin bütün tədbirlərdə həm rus, həm də ingilis dillərində ciddi arqumentlərlə dolu məntiqli çıxışları ilə Nikol Paşinyanın qorxulu kabusuna çevrilməsi idi. Ölkə başçısı bütün mötəbər tədbirlərdə olduğu kimi bu sammitdə də Azərbaycanın haqlı mövqeyini ortaya qoyaraq, Ermənistana qarşı diplomatik hücuma keçməklə onların işğalçı siyasətini ifşa etdi: "Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".
Bütün bunların fonunda işğalçı bir dövləti təmsil edən Paşinyan isə çıxışı zamanı bir daha elə işğalçı təfəkküründə və dilində səsləndirdiyi replika onu yenidən Münhen konfransındakı kimi gülüş hədəfinə çevirdi. Və ən gülünc vəziyyətə düşməsi isə əvvəlki Münhen konfransındakı ingilis dili səviyyəsindən heç bir irəliləyişin olmadığını, əksinə kağızdan belə düzgün oxumağı da bacarmadığını bir daha nümayiş etdirdi.
"Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar"
Prezidnt İlham Əliyev sammitdə Ermənistanın baş nazirinə hətta nəyi danışmağın da yolunu belə göstərməsi bir daha onu sübut etdirdi ki, gör erməni xalqı necə bədbəxt xalqdır ki, bu günə kimi, bu işğalçı ölkəyə ağıllı bir adam rəhbərlik etməyib. Və sammitdə Nikol Paşinyanın ermənilərə qarşı "irqçilik siyasəti" aparılmasına qarşı dediyi fikirlərə Azərbpycan Prezidentinin tutarlı cavabı bir daha Ermənistanın baş nazirini gülünc vəziyyətə saldı: "Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim".
“Şərq Tərəfdaşlığı” ölkələrinin video konfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdi. Ermənistan baş naziri tədbirdəki çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözünü işlətdi. Ermənicə çıxışında isə “Artsax” sözünü deyir. Bu, bir daha onu göstərir ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsini işlədir. Paşinyanın Sammitdəki çıxışı həm də Ermənistan baş nazirinin “ingilis dili səviyyəsini” göstərdi. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi. Çıxış yolu erməni dilində danışmaq idi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün təcili ehtiyacların ödənilməsi və təsirin azaldılması məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını da qeyd etdi.
Beləliklə, Ermənistanın baş nazirinin tarixi təhrif edərək, insan hüquqları və demokratiya pərdəsi altında ölkəmizi ittiham etməsi özlərinin bugünədək həyata keçirdikləri işğalçı və şovinist siyasətni ört-basdır etmək üçün uğursuz bir cəhd idi.
Bütün bunlar bir daha sübut etdi ki, Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi.
Bir sözlə, Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş nazirinin sərsəm və əsassız iddialarına tutarlı faktlarla cavabı bir daha Ermənistan rəhbərliyinə beynəlxalq hüquqdan və tarixdən bir daha əsl dərs verməklə, onu bu dərslərdən nəticə çıxarmağaçağırdı. Və bir daha başa saldı ki, əgər bu dərslərdən nəticə çıxarılmayanda isə 2016-cı ilin aprelindəki kimi hərbi dərs qüvvədə qalır.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB