Asim Mollazadə: “Prezidentin verdiyi sərəncamların icrası ilə bağlı müəyyən təbəqələrdə müqavimət hissi var” - MÜNASİBƏT

Asim Mollazadə: “Prezidentin verdiyi sərəncamların icrası ilə bağlı müəyyən təbəqələrdə müqavimət hissi var” - MÜNASİBƏT

Azərbaycanın gəncliyinə edilən yardım ilk növbədə dövlətin gələcəyini təmin etməkdir. Bu gün Azərbaycanın peşəkar, fəal, güclü gəncliyə ehtiyacı var. Çünki, bizim gələcək ümidlərimiz beynəlxalq aləmdə mövcud olan güclü rəqabətə hazır olmalıdır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, bunun üçün ilk növbədə Azərbaycanın milli strategiyasının formalaşmasına böyük ehtiyac var: "Söhbət "qara qızıl"ın insan qızılına çevrilməsindən gedir. Biz enerji sahəsində əldə etdiyimiz gəlirləri məhz gənclərin inkişafına yönəltməliyik. Onların təhsil, sosial-iqtisadi səviyyəsi eyni zamanda inkişafa yönələn bütün sahələrdə ciddi işlər görülməlidir. Ona görə mən düşünürəm ki, prezidentin gənclərlə görüşü və bu istiqamətdə bir sıra sahələrdə müvafiq proqramların hazırlanması zamanın tələbidir. Bununla yanaşı gənclərin inkişafı üçün məhz mədəniyyət amilindən də ciddi istifadə etmək lazımdır. Çünki, təhsil və mədəniyyət Azərbaycanın müasir və güclü dövlətə çevrilməsi üçün əsas amildir".

 

Bununla yanaşı ilk növbədə bir sıra sahələrdə də ciddi islahatlar keçirilməlidir. Söhbət Azərbaycanın təhsil sistemindən gedir. A.Mollazadə hesab edir ki, bu istiqamətdə narahatedici nüanslar daha çoxdur: "Prezident İlham Əliyevin bir neçə il öncə verdiyi sərəncamların icrası ilə bağlı müəyyən təbəqələrdə müqavimət hissini biz hiss edirik. Söhbət Azərbaycan ali təhsil sistemlərinin balonya sisteminə keçməsi ilə bağlıdır. Hələ cəmi bir dövlət universiteti bu sistemə tam keçib. Bu sahədə ciddi işlər görülməlidir və təhsil sistemi dünyanın aparıcı təhsil sistemləri ilə uyğunlaşmalıdır. Parlamentin 17 illik ciddi mübarizəsindən sonra təhsil haqqında qanunun qəbulu şərait yaradır ki, ali, orta, peşə təhsili və elm haqqında qanunlar təxirə salınmasın. Onların üzərində iş getməlidir ki, onlar qəbul olunsun. Çünki təhsilin islahatı istiqamətində sürətli işlərimizi görə bilək".

Bütün xəbərlər Facebook səhifəmizdə