“Müasir İnkişaf” İctimai Birliyi “Azərbaycan tarixi dərsliklərinin monitorinqi” layihəsinin təqdimatını keçirib

“Müasir İnkişaf” İctimai Birliyi “Azərbaycan tarixi dərsliklərinin monitorinqi” layihəsinin təqdimatını keçirib
Bu gün "Müasir İnkişaf" İctimai Birliyinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Azərbaycan tarixi dərsliklərinin monitorinqi" layihəsinin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimatda "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, İctimai Birliyin sədri Mübariz Aşırlı iştirak edib.

İlk olaraq çıxış edən M. Aşırlı çıxışında bildirib ki, tarix millətin milli şüurunun formalaşmasında, onun dövlətçilik təfəkkürünün inkişafında mühüm rol oynayır: "Keçmişini bilməyən millət gələcəyini qura bilməz. Bu səbəbdən "Müasir İnkişaf" İctimai Birliyi olaraq fəaliyyətimiz boyunca tariximizlə bağlı məsələlərə, onun cəmiyyətimizə, xüsusi ilə gənclərimizə çatdırılmasına daim böyük diqqət ayırmışıq. 2009-cu ildə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi sahəsində kompleks tədbirlər" layihəsi çərçivəsində bu sahənin inkişafına istiqamətlənən konsepsiya hazırladıq. Müxtəlif qurumlara göndərdiyimiz həmin konsepsiyada Azərbaycan tarixi dərslikləri ilə bağlı qeydlərimizi bildirmişdik".

İctimai Birliyin sədri onu da qeyd edib ki, bugünkü layihəmizdə həmin işin davamı sayıla bilər: "Layihə çərçivəsində orta ümumtəhsil məktəblərimizdə tədris olunan "Azərbaycan tarixi" dərslikləri (V- VI- VII- VIII siniflər) araşdırılacaq, onlarda müəyyən edilən hər hansısa çatışmazlıqlar sistemləşdirilərək keçirilən bir neçə tədbirdə müzakirəyə çıxarılacaq. Həm ekspertlərin, həm ictimaiyyətin, həm də jurnalistlərin iştirakı ilə keçirilən müzakirələrdə səslənən təkliflər də ümumiləşdirilərək vahid bir sənəd halında müvafiq qurumlara göndəriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə