"Qələbə çalmaq Paşinyana o qədər də asan olmayacaq" ÖZƏL-RƏY

"Qələbə çalmaq Paşinyana o qədər də asan olmayacaq" ÖZƏL-RƏY

"Ermənistanda daxili ictimai-siyasi vəziyyət həqiqətən də gərgindir. Nikol Paşinyan demokratiya adı altında hakimiyyətə gəlsə də, görünən odur ki, onun əsas məqsədləri başqa imiş. O, hazırda bütün siyasi rəqiblərinə qarşı amansızlıq nümayiş etdirir. Əsas məqsəd də yaxın bir neçə il ərzində – növbəti seçkilərədək Ermənistanda demək olar ki, müxalif siyasi partiyaları və dairələri sıradan çıxarmaqdır. Əgər əvvəllər onun yalnız Qarabağ klanına qarşı mübarizəsindən söhbət gedirdisə, zaman göstərdi ki, bu mübarizə təkcə onlarla məhdudlaşmır. Əsas odur ki, onun hakimiyyətinə təhlükə yaradılmasın. Bu təhlükəni yaratmaq istəyən şəxsin və ya şəxslərin irəvanlı, gümrülü, icevanlı və ya qafanlı olması ilə qarabağlı olmasının onun üçün heç bir fərqi yoxdur". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Paşinyan hakimiyyətinə real təhlükə törədə bilən şəxslərdən biri də “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyandır: "Bu həmin Sarukyandır ki, 2018-ci ilin aprel ayında baş verən hakimiyyət dəyişikliyi zamanı Paşinyana tam dəstəyini ifadə edib. Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyasının parlament fraksiyası da Paşinyanın “Mənim addımım” blokuna dəstək verərək, onun 2018-ci ilin mayında parlamentdə Baş nazir seçilməsini asanlaşdırmışdı. Ancaq zaman göstərdi ki, bu müttəfiqlik zor gücüylə imiş. Daha doğrusu, Paşinyan bu müttəfiqlikdə səmimi deyilmiş və Sarukyandan öz məqsədləri üçün istifadə edirmiş.

Faktiki olaraq Paşinyan hazırda 2018-ci ildə ona ciddi dəstək verən Ermənistanın ən varlı siyasi partiya sədrinə qarşı savaş elan edib. Bütün bunlar onu deməyə əsas verir ki, Nikol öz məqsədlərinə doğru irəliləməkdədir. O, əvvəlcə əsas siyasi rəqibləri Robert Köçəryan və Serj Sərkisyan cütlüyünə qarşı siyasi motivli təqiblərə başladı. İndi isə onun qarşısındakı digər ən böyük sədlərdən olan “Çiçəklənən Ermənistan”ın liderinə qarşı məhkəmə davası açıb. Ancaq Sarukyan da Ermənistanda çox ciddi siyasi fiqurlardan hesab olunur. Onun ölkənin güc strukturlarında kifayət qədər yaxın adamı var. Yəni bu mübarizədə qələbə çalmaq Paşinyan üçün o qədər də asan olmayacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə