Polşanın Azərbaycandakı səfiri Gəncədə olub - FOTO

Polşanın Azərbaycandakı səfiri Gəncədə olub - FOTO

Polşanın Azərbaycandakı səfiri Mixal Labenda Gəncə şəhərinə səfər edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, diplomat səfər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində olub. Səfir təhsil ocağının rəhbərliyi ilə bir araya gəlib.

 

Tədbirdə universitetin imkanları, beynəlxalq əlaqələri barədə məlumat verilib. Mixal Labenda da öz növbəsində universitetdə yaradılan şəraitdən məmnun qaldığını dilə gətirib.

 

Görüşdə polşalı və azərbaycanlı tələbələrin gələcəkdə qarşılıqlı olaraq hər iki ölkədə təhsil almaları ilə bağlı ilkin razılaşma də əldə olunub. Gələcəkdə isə pedaqoqların mübadilələri də həyata keçirilə bilər.

 

Ardından səfir tələbələr qarşısında çıxış edib. O, Avropaya inteqrasiya yolunda Polşa dövlətinin təcrübəsini bölüşüb. Diplomat qeyd edib ki, onun ölkəsi Avropa Birliyi və NATO-nun üzvüdür. Bu da tələbələrin beynəlxalq təcrübələrinin artırılmasına imkan verəcək.

 

Diplomat günün ikinci yarısı Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri ilə də görüşüb. Bir sıra məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə