“Azərbaycan polisi sadiq keşikçi, sabitlik garantıdır!” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan polisi sadiq keşikçi, sabitlik garantıdır!” ÖZƏL-MÜNASİBƏT

Ölkəmizdə ictimai asayişin, vətəndaşların konstitusion hüquqlarının qorunmasının, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatçısı Azərbaycan polisləridir. Bu sözləri SİA-ya müsahibəsində Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini Əsli Kazımova deyib.

Partiya sədrinin birinci müavini polislərin ölkə həyatındakı rolunun böyük əhəmiyyətə malik olduğunu vurğulayıb və qeyd edib ki, ölkənin iqtisadi inkişafı üçün sabitliyin təminatı mühüm amildir.
“Azərbaycan polisi bizlər üçün sabitliyi təmin edir. İctimai-siyasi sabitlik şəraitində, Respublikamızın inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu danılmazdır.
Milli müstəqilliyin qazanılması, qorunması, torpaqlarımızın düşmən hücumundan müdafiəsi sahəsində nümayiş etdirdikləri əzmkarlıqla yanaşı, Azərbaycanın daxili işlər orqanlarının COVİD-19 pandemiyası ilə mübarizə zamanı da göstərdikləri şücaəti unutmaq mümkün deyil. Unutmaq lazım deyil ki, işğalçı Ermənistanın hərbi təcavüzünə milli müqaviməti ilk olarak məhz polis orqanları təşkil etdiyi kimi COVİD-19 pandemiyası ilə mübarizədə də Azərbaycan polisləri ön cəbhədədirlər. Bu fakt hər kəsin gözü qabağındadır. Ona görə də, cəsarətlə deyə bilərik ki, Azərbaycan polisi dövlətçiliyin sadiq keşikçisi, sabitliyin garantıdır!
Xüsusilə qeyd etmək yerinə düşərdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə daxili işlər orqanlarının şəxsi heyəti 1695 şəhid verib və bu unudulan deyil. Canı bahasına ölkədəki sabitliyi təmin etmək naminə şəhid olan bütün polislərə Allahdan rəhmət diləyirəm!”, deyə Əsli Kazımova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə