"Barak Obama Administrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda dəyirmi masa keçirilib
Bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi "Barak Obama Administrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda dəyirmi masa təşkil edib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva bildirib ki, Azərbaycanın ona bilavasitə qonşu olmayan inkişaf etmiş Qərb dövlətlərilə xüsusəndə Amerika Birləşmiş Ştatları ilə münasibətləri xarici siyasətimizdə ən mühüm yerlərdən birini tutur. Belə ki, rəsmi Bakı Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir: "Azərbaycan öz təhlükəsizliyi, ərazi bütövlüyü və müstəqilliyini qorumaq imkanlarını möhkəmləndirmək naminə bu münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır. Həmin münasibətlərin inkişafı Azərbaycanın iqtisadi və siyasi tərəqqisinə, Xəzər neft və qaz layihələrinin gerçəkləşdirilməsinə, Şərqlə Qərbi birləşdirən trans-regional dəhlizlərin yaradılmasına təkan verdiyi üçün Azərbaycanla ABŞ arasında əməkdaşlıq ölkəmizin qlobal iqtisadi sistemə inteqrasiya olunmasının başlıca elementi kimi çıxış edir. Müasir dünyada müşahidə olunan son meyllər, beynəlxalq təhlükəsizliyi sarsıdan yeni təhdidlərin əmələ gəlməsi Azərbaycanla ABŞ arasında daha sıx əməkdaşlıq tələb etmiş və buna gətirib çıxarıb. Azərbaycan bölgədə ABŞ-ın mühüm müttəfiqi olaraq, bu strateji münasibətləri inkişaf etdirməkdə davam edir".
Daha sonra çıxış edən Azərbaycan Diplomatiya Akademiyasının və Xayfa Universitetinin professoru Brenda Şaffer regionda mövcud olan münaqişələrin həllində ABŞ-ın roluna toxunub. O, qeyd edib ki, ABŞ özünün iqtisadi maraqları üçün zəngin enerji resurslarına malik, eləcə də, Avropaya karbohidrogenlərin nəqli yollarının keçdiyi regiondakı bu münaqişənin həllində həqiqətən maraqlıdır. Eyni zamanda Rusiya faktoruda kənarda qala bilməz. Çünki nəzərə almaq lazımdır ki, Moskva region ölkələrinin daxili vəziyyətinə təsir etmək imkanına malik olan əsas söz sahibləridən biridir. Ekspertin sözlərinə görə, ən əsası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə, Ermənistan və Azərbaycan liderlərinin siyasi iradəsi lazımdır.
Daha sonra tədbirdə SAM-ın əməkdaşları, siyasi şərhçilər və xarici ekspertlər Cənubi Qafqaz regionunda sülhə və sabitliyə mane olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ABŞ-Azərbaycan münasibətləri, regionda baş verən geoiqtisadi və geosiyasi proseslər və digər məsələlər ətrafında fakir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB