Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan “Müdriklik zirvəsi” kitabının təqdimatı keçirilib - FOTO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan “Müdriklik zirvəsi” kitabının təqdimatı keçirilib - FOTO
Bu gün Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan "Müdriklik zirvəsi" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq tədbir iştirakçıları institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin muzeyi ilə tanış olublar.

Daha sonra tədbiri açıq elan edən AMİ-nin rektoru, millət vəkili Aqiyə Naxçıvanlı bildirib ki, bugünkü tədbirin keçirilməsi tarixi bir haidsədir: "Bu il təkcə ürəyində, əməlində deyil, adında belə Azərbaycan adlı bütöv bir dövləti yaşadan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü tamam olur. Bu anım günü ölkənin hər yerində yüksək səviyyədə qeyd edilir. Hər bir azərbaycanlı ümummilli liderə vətən məhəbbətini, torpaq sevgisini, yurd hərarətini öz həyat amalı sanır. "Mən həmişə fəxr edirəm ki, azərbaycanlıyam" deyən Ulu Öndər "Azərbaycan" adlı bir epopeya yaratdı və bu epopeyanın dastanlaşan qəhrəmana çevrildi. Bu obraz öz parlaq xatirəsi ilə hər birimizin qəlbində yaşayır".

A.Naxçıvanlı onu da qeyd edib ki, təqdimatına yığışdığımız bu kitab Heydər Əliyevə ümumxalq məhəbbətindən doğan bir zərrədir: "Onsuz keçən 7 ildə çox sözlər deyilib, yazılar yazılıb. Biz bu yazıların müəyyən hissəsini bir yerə toplayıb kitab halına saldıq, çünki onun özü kimi, əməlləri kimi haqqında deyilənlər də tarix üçün olduqca əhəmiyyətlidir".

Daha sonra çıxış edən millət vəkili Fəttah Heydərov vurğulayıb ki, Azərbaycanın bugünkü həyatı, önümüzdə olan gələcəyi yalnız Ulu Öndərin ideyalarına bağlıdır: "Dahi lider bütün mənalı həyatını öz doğma Azərbaycanına həsr edib. Heydər Əliyev nadir şəxsiyyətlərdən biridir ki, yalnız bir amal uğrunda - doğma Azərbaycan uğrunda, bu torpağın müstəqilliyi və əbədiliyi uğrunda bütün həyatını sərf edib. Bugünkü müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Bu fikir mənim Heydər Əliyevin fəaliyyətinə bələd olduğum ilk illərdən bu yana gəldiyim ən yüksək nəticədir. Əgər o vaxtında Naxçıvana gəlməsə idi, o zaman bu bölgə də hazırda Qarabağın aqibətini yaşayacaqdı. Ulu öndərin hakimiyyətə gəlişi Azərbaycanın çiçəklənməsinə imkan yaratdı".

Azərtac-ın baş direktoru Aslan Aslanov isə bildirib ki, Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü Heydər Əliyevin - müasir müstəqil Azərbaycan dövlətçiliyinin banisinin adı ilə bağlıdır: "Çağtaş tariximizə "Heydər Əliyev epoxası" kimi daxil olan həmin dövrdə Azərbaycan böyük uğurlara imza atıb. Bu 30 ildə Ulu Öndər Azərbaycanın tənəzzül etdiyi dövrdə hakimiyyətə gəlib və ölkəni inkişaf yoluna çıxarıb. Yaxın tariximizdə Ulu Öndər iki dəfə siyasətdə və dövlət idarəçiliyində səriştəsizliyə, geriliyə, anarxiyaya qətiyyətlə son qoyub. Bununla yanaşı, xalqımızın qədim dəyərlərinin, ədəbiyyatının, mədəniyyətinin özümüzə qaytarılması xidmətləri məhz Heydər Əliyevə məxsusdur".

YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı qeyd edib ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazıblar: "Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görüb, bununla bağlı tarixi proseslərə təsir göstərən Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu Öndər tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük işlər görüb. Ümummilli lider Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir".

Mübariz Qurbanlı onu da deyib ki, bu kitab Heydər Əliyev irsini dərindən öyrənmək və gələcək nəslə ötürülməsində ən yaxşı vasitədir: "Ulu Öndərin yaratmış olduğu siyasi xətt bugünkü Azərbaycanın inkişafı üçün əsas rol oynayır".

Məlumat üçün bildirək ki, təqdimat mərasimində YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı, Azərtac-ın baş direktoru Aslan Aslanov, millət vəkilləri Fəttah Heydərov, Arzu Abdullayeva, Musa Qasımlı, İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları iştirak ediblər.

Qeyd edək ki, tədbir iştirakçıların Ulu Öndər haqqındakı dəyərli fikirləri ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə