"Dövlətimiz Ermənistanı cəzalandırmaq üçün yeni addımlar atacaq" ÖZƏL-RƏY

"Dövlətimiz Ermənistanı cəzalandırmaq üçün yeni addımlar atacaq" ÖZƏL-RƏY
"Bildiyiniz kimi, Ermənistan getdikcə beynəlxalq hüquqa meydan oxuyur, həyasızlaşır, zəbt etdikləri ərazilərimizdə yeraltı, yerüstü sərvətlərimizi talan edir, dünyanın müxtəlif ölkələrindən gətiriləndən erməni ailələrinin hesabına işgal altındakı torpaqlarımızı məskunlaşdırır, yeni yaşayış məntəqələri inşa edir, yollar çəkir. Azərbaycanın apardığı məqsədyönlü xarici siyasətin nəticəsində düşmən dövlətin bu qanunazidd hərəkətlərinin qarşısının alınması üçün konkret işlər görülür. Məhz bu fəaliyyətin nəticəsində Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi qanunsuz prezident seçkisinin heç bir dövlət, heç bir beynəlxalq təsisat tanımadı". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib. Onun sözlərinə görə, Ermənistanda hazırki rejimin bütün səylərinə baxmayaraq, Azərbaycan Dağlıq Qarabağdakı qondarma rejimin, separatçı -terrorçu mahiyyətini bir daha dünyaya tanıtmış oldu: "Budur, Ermənistanın cinayətkar əməllərinə düzgün qiymət verilmiş daha bir samballı sənəd Avropa Parlamenti tərəfindən ortaya qoyuldu. Sözügedən nüfuzlu beynəlxalq təşkilatın Azərbaycan üzrə məruzəçisi Yelena Zavko, Ermənistan üzrə məruzəçi Traian Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həm sədri Mariya Kalyurand Ermənistanı Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsiilə birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı etiraz bəyanatı yayıblar. Birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən bu sənəd münaqişənin diplomatik yolla həllində, sözsüz ki,bizim mövqeyimizi xeyli gücləndirir. Düzdür, Avropa Birliyi dəfələrlə bizim haqlı mövqeyimizi dəstəkləyən bəyanatlarla çıxış etmişdir. Lakin, Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri,həmçinin, Cənubi Qafqaz dövlətləri ilə Parlament Əməkdaşlıq Komitəsinin həmsədrinin, Ermənistanın işğalçılıq siyasətinə qarşı qəbul etdiyi bu ortaq sənəd bir ilkdir. Düşünürəm ki, işğalçı Ermənistanı bütün siyasi, diplomatik müstəvilərdə küncə sıxışdırmaq və cəzalandırmaq üçün dövlətimiz yeni-yeni addımlar atacaqdır"
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə