Elmin inkişafı dövlət siyasətinin əsas xəttini təşkil edir – ARAŞDIRMA

Elmin inkişafı dövlət siyasətinin əsas xəttini təşkil edir – ARAŞDIRMA
Hər bir ölkədə möhkəm elmi bazaya əsaslanan sosial-iqtisadi nailiyyətlər daha davamlı xarakter daşıyır. Təsadüfi deyil ki, Azərbaycanda inkişafına böyük diqqət ayrılan sahələrdən biri də elmdir. Məlum olduğu kimi, bu gün Azərbaycan elmi-texniki yeniliklər baxımından inkişaf etmiş ölkələrlə müqayisədə bir qədər geridə qalır. Lakin respublikamız savadlı kadrlar, texnologiya, uzun illərin təcrübəsi və digər amillərin sayəsində geniş elmi potensiala sahibdir. Məhz bu potensialın üzə çıxarılması, keçmiş təcrübənin yeni nəslə ötürülməsi, qabaqcıl texnoloji, tibbi və digər nailiyyətlərin elmi əsaslarının ölkəmizdə öyrənilməsi və bu kimi başqa tədbirlər Azərbaycanda elmin inkişaf tempinin artmasına müsbət təsir göstərir. Xatırladaq ki, hələ Azərbaycan keçmiş sovetlər birliyinin tərkibində ikən Heydər Əliyev ölkədə elmin müxtəlif sahələrinin inkişafına böyük diqqət ayırırdı. Xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra da Ulu öndərin ictimaiyyət nümayəndələri ilə ilk görüşü məhz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında baş tutub. Bu, həm də o dövrdə Azərbaycanda yüzlərlə alimin fəaliyyət göstərdiyi, elmimizin inkişafında böyük xidmətləri olan AMEA-nın bağlanması təkliflərinə Ulu öndərin münasibətini açıq şəkildə ortaya qoyurdu. Müstəqilliyin ilk illərinin Azərbaycan üçün olduqca ağır keçməsinə, ölkənin dərin sosial-iqtisadi böhranlarla üzləşməsinə baxmayaraq, elm sahələrinin tənəzzülünün qarşısının alınması və inkişafı istiqamətində ciddi işlər görüldü. Təqdirəlayiq haldır ki, bu gün Azərbaycanda elmin inkişafı Heydər Əliyevin əsasını qoyduğu strategiya əsasında gerçəkləşir. Ölkəmizdə elmin inkişafına göstərilən dövlət diqqət və qayğısı başlıca olaraq özünü təhsildə müsbət kəmiyyət və keyfiyyət dəyişiklikləri, elm adamlarının sosial şəraitinin yaxşılaşması istiqamətində görülən tədbirlər çərçivəsində göstərir. Bundan əlavə, elmi müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması xüsusi əhəmiyyətə malik məsələdir. Bu çərçivədə görülən işlər sırasında Milli Elmlər Akademiyasının ötən əsrin 60-cı illərində tikilmiş binasında Prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilən işləri xüsusi vurğulamaq olar. Belə ki, 2007-ci ildən aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra Akademiyanın binası müasir və klassik memarlıq üslublarını özündə birləşdirən möhtəşəm sənət nümunəsinə çevrilib. Qeyd edək ki, Azərbaycanın elm mərkəzlərinin abadlaşdırılmasına dair bu, yeganə belə hadisə deyil. Son illərdə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin, Milli Azərbaycan Tarixi Muzeyinin əsaslı təmiri bu sahədə görülən işlərə əyani sübutdur.
Bu gün ölkədə elmin inkişafı əsas etibarilə dövlət başçısının Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın müəyyənləşdirdiyi prinsiplər əsasında gerçəkləşir. Eyni zamanda, 2009-cu il 21 oktyabr tarixli Sərəncama əsasən Prezident yanında Elmin İnkişafı Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda elmi araşdırmaların stimullaşdırılması, ölkənin təbii sərvətlərinin, mədəni və tarixi irsinin öyrənilməsi işlərinin intensivləşdirilməsi, elmin müxtəlif sahələri üzrə tədqiqatların səmərəliliyinin artırılması və Azərbaycan elminin dünya səviyyəsində layiqincə təmsil olunmasına dövlət dəstəyinin təmin edilməsidir. Elmin inkişafının təşviq edilməsi, alimlərin potensialının üzə çıxarılması məqsədilə Fond hər il müxtəlif elm sahələri üzrə qrant layihələri təşkil edir. Son dövrlərin elmi nailiyyətləri içərisində humanitar sahədə aparılan tədqiqatların əhəmiyyəti böyükdür. Belə ki, qlobal miqyasda gedən siyasi, mədəni, ideoloji dəyişikliklər fonunda Azərbaycanın keçdiyi 20 illik müstəqil inkişaf yolu dövründə respublikadakı ictimai, siyasi, ədəbi-mədəni reallıqların tədqiqi və gələcəyə yönələn müvafiq proqnozlar və tövsiyələrin hazırlanması, habelə sovetlər dönəmində geniş ictimaiyyətə ciddi təhriflərlə təqdim olunan Azərbaycan tarixinin dolğun araşdırılması və hadisələrə obyektiv yanaşma tərzinin ortaya qoyulması aktuallıq kəsb edən məsələyə çevrilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" başlıqlı məqaləsi respublikada humanitar yöndə aparılan araşdırmalara yeni təkan verdi. Azərbaycan respublikamız üçün ənənəvi olan bir çox sahələrdə, o cümlədən, neft-kimya sənayesində ciddi irəliləyişlərə nail olub. Regionun əsas neft-qaz hasilatçısı kimi Azərbaycan bu sahədə son texnologiyalardan istifadə edir, həmçinin, ölkəmiz bu istiqamətdə təcrübəli elmi kadrlara sahibdir. Bundan əlavə, Azərbaycan elminin informasiya-kommunikasiya texnologiyaları, kosmik sənaye, Xəzər dənizinin resurslarının tədqiqi, hərbi texnologiya və digər sahələrdə inkişafı üçün də geniş imkanlar mövcuddur. Azərbaycanın son illərdə böyük iqtisadi inkişaf sürətinə nail olduğunu nəzərə alsaq, o zaman elm sahələrinin inkişafının da iqtisadi təkamül səviyyəsinə uyğunlaşdırılması zərurəti danılmazdır. Məlum olduğu kimi, respublikamızın iqtisadi gəlirlərinin əsasını neft-qaz ixracından əldə olunan gəlirlər təşkil edir. Lakin dövlət başçısının da dəfələrlə vurğuladığı kimi, hazırda qarşıda duran əsas məqsədlərdən biri neft kapitalını insan kapitalına çevirməkdir. Bu isə başlıca olaraq, ölkədə yüksək ixtisaslı elmi və peşəkar kadrların hazırlanması ilə mümkündür. Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak edən Prezident İlham Əliyevin toplantıdakı çıxışında da bildirdiyi kimi, ölkənin uzunmüddətli inkişaf strategiyasının müəyyən edilməsində mütləq elmi bazaya arxalanmalıdır: "Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik". Ölkə başçısının bu sahədə mövqeyi ondan ibarətdir ki, elmin inkişafı birbaşa olaraq, dövlətin, xalqın maraqlarına xidmət etməlidir: "Biz elə etməliyik ki, Azərbaycan elmi inkişaf etsin, yaşasın və Azərbaycan dövlətinə, Azərbaycan milli maraqlarına həmişə olduğu kimi xidmət etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə