Vahid Əhmədov: “Büdcəyə yenidən baxıldığı zaman neftin qiymətini 80-90 dollar götürmək mümkündür” - AÇIQLAMA

Vahid Əhmədov: “Büdcəyə yenidən baxıldığı zaman neftin qiymətini 80-90 dollar götürmək mümkündür” - AÇIQLAMA
2011-ci ilin büdcəsinə yenidən baxılması ilə bağlı vaxt tam məlum deyil. Bu, may və ya iyun ayında ola bilər". Bu sözləri Milli Məclisin İqtisadi Siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov SİA-ya verdiyi açıqlamasında deyib. Ölkə başçısını bununla bağlı verdiyi tapşırığı xatırladan millət vəkili söyləyib ki, dünya bazarında neftin qiymətinin bahalaşması büdcəyə yenidən baxılmasını zəruri edir.

Onun sözlərinə görə, cari ilin büdcəsinin müzakrəsi zamanı müxtəlif təkliflər səsləndirilsə də, hökümət daha ehtiyatlı davranaraq büdcədə neftin qiymətini 60 dollar götürmüşdü: "Cari ilin birinci rübündə dünya bazarında neftin orta hesabla qiyməti 80 dollar idi. Hazırda isə dünya bazarında neftin qiymətinin 130 dollara qalxıb. Belə olan halda büdcəyə yenidən baxıldığı zaman neftin qiymətini 80-90 dollar götürmək mümkündür".

V.Əhmədov vurğulayıb ki, ölkə başçısının əmək haqlarının və təqaüdlərin artırılması ilə bağlı sərəncamına əsasən büdcə vəsaitləri xüsusilə bu istiqamətlərə yönəldiləcək: "Bundan əlavə əgər büdcədə əlavə gəlir olarsa, yəqin ki, investisiya layihələrində də müəyyən işlər görüləcək. O ki qaldı əmanətlərin qaytarılmasına hələ ki, bununla bağlı heç bir məlumat yoxdur. Mənə elə gəlir ki, hazırda əsas məsələ müəllimlərin, həkimlərin, dövlət qulluqçularının, təqaüdçülərin vəsaitlərinin artırılmasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə