Rusiyanın ÜTT-yə üzvlüyü ilə bağlı müzakirələr bugün başa çatacaq

Rusiyanın ÜTT-yə üzvlüyü ilə bağlı müzakirələr bugün başa çatacaq
Ümumdünya Ticarət Təşkilatına (ÜTT) Rusiyanın üzvlüyü ilə bağlı danışıqların ikinci dövrəsi İsveçrənin Bern şəhərində aparılır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, danışıqlar 29 apreldə başa çatacaq. Danışıqların ilk raundu martın 9-10-da keçirilib. O zaman tərəflər bir-birlərinin mövqeləri ilə tanış olublar.
Qeyd edək ki ÜTT-yə Moskvanın üzvlüyünü bloka salan Tbilisi Rusiyanın öncə Abxaziya ilə Cənubi Osetiya sərhədlərinə Gürcüstan gömrükçülərinin qaytarılmasını istəyir. Bu məsələ ilə razılaşmayan Moskva Gürcüstan vetosundan yan keçmək mexanizmlərinin mövcud olduğunu bildirib.
Buna münasibət bildirən Rusiyanın xarici işlər naziri Serqey Lavrov: "Mən bunun konkret yolunu açmaq istəməzdim. Yalnız bir şeyi deyə bilərəm. Bu imkanlar ÜTT-nin 3 prinsipinə əsaslanır", - deyə qeyd edib.
Gürcüstanın xarici işlər nazirinin müavini Serqi Kapanadze isə ölkəsinin razılığı olmadan Rusiyanın təşkilata üzvlüyünün mümkün olmadığını vuğulayıb: "Biz danışıqlara ciddi yanaşırıq və bu cür bəyanatlar onların irəliləməsinə təhlükə yaradır".
Tbilisiyə baş çəkən ABŞ Dövlət Departamentinin rəsmisi Tina Kaydanau bu məsələdə kompromisə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ Rusiya üzvlüyünü dəstəkləyir, lakin eyni zamanda Gürcüstanın narahatlığı üçün legitim əsaslar var.

Bütün xəbərlər Facebook səhifəmizdə