“Cəbhəçilərin müsavatçıları təhqir etməsi “kor-kora kor deməsə...” məsələni xatırladır” Araz Əlizadə

“Cəbhəçilərin müsavatçıları təhqir etməsi “kor-kora kor deməsə...” məsələni xatırladır” Araz Əlizadə

“AXCP sədri Əli Kərimlinin və cəbhəçilərin mənəviyyatdan danışmağa haqları yoxdur. Çünki onlar bu kimi mühüm məfhumları çoxdan itiriblər”. Bunu SİA-ya açıqlamasında ASDP-nin sədri Araz Əlizadə AXCP-Müsavat qarşıdurmasının yenidən alovlanmasına münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Ə.Kərimli müxalifətin birliyini pozanda, mandat qazanıb parlamentə düşəndə mənəviyyatlı olduğunu iddia edirdi: “Amma elə ki, mandat qazana bilmədi, dərhal mənəviyyatsızlıq mövqeyi cücərməyə başladı. Ümumiyyətlə, istər AXCP olsun, istərsə də Müsavat, onların hər ikisi bir bezin qıraqlarıdır. Bu partiyaların hər ikisi Azərbaycan dövlətini və xalqını vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qoyublar”.

ASDP sədri hesab edir ki, Əli Kərimlinin Arif Hacılının timsalında müsavatçıları təhqir etdirməsi “kor-kora kor deməsə bağrı yarılar” məsələni xatırladır. “Onların əsas məqsədləri xaricdən gələn maliyyələrə sahib olmaqdan ibarətdir. Ona görə də AXCP-nin Müsavata qarşı özünəməxsus metodlardan istifadəsi sözügedən maraqların təmin olunmasına yönəlib”, deyə A.Əlizadə fikrini tamamlayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə