BAXCP: “Həm ölkəmizi “Eurovision-2011”-də təmsil edəcək şəxslər, həm də Təşkilat Komitəsi Azərbaycan xalqından üzr istəməlidir”
Xəbər verildiyi kimi, Azərbaycanı "Eurovision-2011" mahnı müsabiqəsində təmsil edəcək Eldar Qasımov və Nigar Camal "Komsomolskaya Pravda" qəzetinin keçirdiyi oxucu suallarını cavablandırarkən Ermənistanda çıxış etməyə hazır olduqlarını bildiriblər. "Eurovision" müsabiqəsi üzrə Azərbaycanın təşkilat komitəsindən mətbuata verilən açıqlamada da Eldar Qasımov və Nigar Camalın "yerində və düzgün cavab verdikləri" bildirilib. Təşkilat Komitəsi hesab edir ki, "bu kimi yarışmalara siyasi don geyindirmək düzgün olmaz".
SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətindən verilən məlumata görə, partiya həm "Eurovision-2011" təmsilçilərinin, həm də Təşkilat Komitəsinin mövqeyini yanlış və zərərli hesab edir: "Anlamaq olmur ki, Eldar Qasımov və Nigar Camal, eləcə də Təşkilat Komitəsi "yarışmalara siyasi don geyindirmək lazım deyil" deyəndə hansı məntiqlə çıxış edirlər. Məgər ermənilərin bütün mümkün vasitələrdən istifadə edərək, Azərbaycanı mövcud vəziyyətlə barışdırmaq istədiklərini görmürlər? Ermənilər kinodan da, musiqidən də, heykəltaraşlıqdan da, rəssamlıqdan da, ədəbiyyatdan da öz mənfur niyyətlərini həyata keçirmək, Azərbaycanı sındırmaq üçün istifadə edirlər. Ola bilsin ki, Ermənistan müğənnisi Azərbaycanda konsert vermək istəyini açıqlasın və bu təbii qəbul olunar. Çünki onlar Azərbaycan torpaqlarını işğal ediblər. İşğalçı konsert də verər, rəqs də eləyər, hələ bir çırtıq da çalar... Amma Azərbaycan müğənniləri Ermənistanda hansı üzlə konsert verəcəklər? Axı ermənilər Nigar və Eldar yaşda olan minlərlə azərbaycanlını qətlə yetiriblər, əsir götürüblər, başlarına min bir oyun açıblar, zorlayıblar... Bircə torpaqlarımızı işğal edənləri, qız-gəlinlərimizi zorlayanları əyləndirməyimiz çatmırdı".
BAXCP bu və digər səbəblərdən vətəndaş mövqeyi sərgiləməyi bacarmayan, milli təəssübkeşlik hissləri deqrodiyaya uğramış şəxslərin öz naqis əməllərinə "biz siyasətlə məşğul olmuruq" sözləriylə haqq qazandırmalarına bəsit və məntiqsiz manipulyasiya kimi yanaşır: "Burada söhbət siyasətdən yox, ləyaqətdən, qürurdan getməlidir. Düşməninə nifrət bəsləməyən bir millət və onun nümayəndələri heç bir vaxt qələbəyə iddia edə bilməzlər. Hə siyasətbazlıqdır? Torpaqların işğalı, insanların qətlə yetirilməsi, əsir və girov götürülməsi, körpə uşaqlara, qadınlara işgəncələr verilməsi, aşağılanması görəsən nə zamandan siyasət olub? Bu adamlar nə danışdıqlarının fərqindədirlər? İnsanın bu və ya digər sənət növü ilə məşğul olması onu layəqətdən, milli təəssübkeşlik hissindən və məsuliyyətdən azad eləmir. Əksinə, sənət adalarının üzərinə bu məsələlərlə bağlı daha böyük məsuliyyət düşür. Çünki onlar hər zaman diqqət mərkəzində olan bir sənətin təmsilçiləri kimi başqalarına örnək olmalıdırlar".
BAXCP mətbuat xidməti hesab edir ki, həm ölkəmizi "Eurovision-2011"-də təmsil edəcək şəxslər, həm də onların aşağılayıcı açıqlamasını dəstəkləyən Təşkilat Komitəsi baş verənlərə görə Azərbaycan xalqından üzr istəməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB