“İstifadəyə verilən xəstəxanaların müsbət nəticəsinin şahidi olacağıq” ÖZƏL-MÜNASİBƏT

“İstifadəyə verilən xəstəxanaların müsbət nəticəsinin şahidi olacağıq” ÖZƏL-MÜNASİBƏT

Azərbaycanda koronavirusla ciddi mübarizə aparılır və bu ilk gündən belədir, çünki Azərbaycan dövləti, Cənab Prezident İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva bu məsələnin ciddi olduğunu ilk gündən elan etdilər və mübarizə də ciddi şəkildə təşkil olundu. Bu sözləri SİA-ya müsahibəsində "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri qeyd edib ki, bəzi ölkələrdə heç Operativ Qərargah belə yoxdur, amma Azərbaycanda Operativ Qərargah olan xüsusi bir qurum da formalaşdırıldı ki, bu məsələlərlə birbaşa məşğul olsun və bütün müvafiq nazirliklər bu qərargahda birləşdilər, hansıki, bu da çox önəmlidir və əlavə olaraq da bəli, xəstələrin sayının arta biləcəyi ehtimal edilərək, müxtəlif modul tipli xəstəxanaların tikintisi sürətləndirildi.
"Bakının mərkəzində əvvəlcə böyük bir xəstəxana məhz koronavirus xəstələrinin qəbulu üçün ixtisaslaşdırıldı ki, bütün bunlar vətəndaşlarımızın qorunması üçün idi. Hələ bu o günlər edilirdi ki, virusa yoluxanların sayı Azərbaycanda çox deyildi və hardasa, cəmi 10-15 nəfər idi. Artıq çox təəssüf ki, üç rəqəmli saydan söhbət gedir. Deməli, həmin gün bu işlər görülməsəydi, vəziyyət mürəkkəb ola bilərdi.
Dövlət başçısı qətiyyətli addımlar atdı. Ölkə rəhbəri haqlıdır, bəli, bəzi dövlətlərdə koronavirusa yoluxanları ev şəraitində müalicə edirlər ki, xəstəxanalarda yerləşdirməsinlər. Bizdə isə xüsusi bir yer də ayrılıb ki, virusa yoluxan xəstələr orada toplansın və başqalarını da bu xəstəliyə yoluxdurmasın və bu cür də xəstəlik nəzarətdə saxlanıla bilsin. Əlavə olaraq həftə sonları tətbiq edilən ciddi karantin rejimi də vətəndaşların təhlükəsizliyi üçün çox vacibdir. Bəziləri ola bilsin deyə bilər ki, bu nəyə lazımdır, amma bu elə deyil. Biz virusdan qurtulmaq istəyiriksə, istəmiriksə, qoyumlarımız, tanışlarımız, soydaşlarımız bu xəstəliyə tutulsunlar, ona görə də ciddi karantin rejiminə riayət etməliyik. Necə ki, Cənab prezident özü də nümyiş etdirdi ki, qapalı yerlərdə tibbi maska ilə gəzir. Yəni, bu hər bir vətəndaş üçün də örnək olmalıdır. Ona görə də, düşünürəm ki, tətbiq edilən bu qaydaların, rejimin, istifadəyə verilən xəstəxanaların müsbət nəticəsinin, bəhrəsinin şahidi olacağıq. Cənab Prezident onu da misal çəkir ki, əhalisinin sayı Azərbaycan əhalisinin sayı qədər olan bəzi Avropa ölkələrində virusa yoluxanların sayı on minlərlə, yüz minlərlə, ölənlərin sayı da minlərlədir. Şükürlər olsun ki, bizdə bu belə təhlükəli həddə deyil. Əgər qaydalara riayət etməsək, vəziyyət nəzarətdən çıxa bilər. Nəzarətdən çıxmaması üçün də dövlət başçısı və birinci vitse-prezident bu qaydaların bütün vətəndaşlar tərəfindən riayət olunmasını hər zaman, hər toplantıda qeyd edir və müvafiq tədbirlər də görülür", deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə