Eldəniz Quliyev Cəmil Həsənliyə elə cavab verdi ki... SATQIN SƏNSƏN!
“Allah özü şahiddir ki, mən bu statusu yazmaq istəmirdim. Amma Cəmil Həsənlinin “Filmin sonu” başlığı altında və qərəz janrında yazdığı ittihamlarına cavab vermək məcburiyyətində qaldım”, SİA xəbər verir ki, bu fikirləri Milli Şuranın koordonasiya mərkəzinin sabiq təmsilçisi, qurumdan istefa vermiş Eldəniz Quliyev facebook sosial şəbəkəsində Cəmil Həsənlinin onu ittiham etməsinə yönəlmiş fikirlərinə cavabında yazıb.
Cavabın diqqət çəkən hissələrini təqdim edərək qeyd edə bilərik ki, artıq “ox öz yanından çıxıb” və tərəflər arasında daha əvvəllər nümayiş etdirilən “mədəni müzakirələr” daha çox ağır ittihamlarla, hətta təhqirlərlə əvəz olunmaqdadır. Belə ki, “Cənab professor həmin statusda, az qala bəndənizi satqınçılıq meyillərində suçlayır və mənim hakimiyyətin Milli Şuranı dağıtmaq planlarında müəyyən yer almış fiqur olduğuma eyham vurur... Hətta bir az da qabağa gedərək, ailə məsələlərimə də müdaxilə edir və bununla qırmızı xətti tapdamış olur”, deyə davam edən E.Quliyev bu kimi məsələlərin arxasında əsasən AXCP sədri Əli Kərimlinin trollarının dayandığına da işarə edir, C.Həsənlinin siyasi məsələləri ailə müstəvisinə gətirməsini də dolayısı ilə buna aid edir. SİTAT: “Cəmil müəllim, körpüləri bu sayaq hövkə ilə yandırmayın. Çaşıb düşmən tərəfində qala biləcəyinizdən ehtiyat edin...
Son zamanlar Milli Şurada nə baş verdiyini, mənim oranı tərk etməyimin səbəblərini aydın və səmimi şəkildə izah edəcəm. Amma bir qədər sonra”.
“Cənab Həsənli, indi nə oldu, nə baş verdi ki, mənim Milli Şuradan uzaqlaşdırılmağım, MŞ-ya ciddi problemlər yaratmağım haqda ard-arda sicilləmə statuslar yazırsınız?!”
Beləliklə, ən çətin vaxtlarında birinci olaraq “sinəsini qabağa verdiyini” minnət üsulu ilə önə çəkən E.Quliyev özünün məhz qurum rəhbərliyi tərəfindən uzaqlaşdırıldığı iddiasını rədd edərək, özünün oranı tərk etdiyini bildirib: “Cənab Həsənli, indi nə oldu, nə baş verdi ki, mənim Milli Şuradan uzaqlaşdırılmağım, MŞ-ya ciddi problemlər yaratmağım haqda ard-arda sicilləmə statuslar yazırsınız?! Və nədən bu statusların əksəriyyətində, yumşaq desək, həqiqəti əks etdirməyən fikirlər, müddəalar və dezinformasiyalar səsləndirirsiniz?! Mən indiyəcən nə kino və ədəbi yaradıcılığımda, nə də siyasi-ictimai fəaliyyətimdə zərrə qədər də olsa riyakarlığa, qeyri-səmimiliyə, satqınçılığa, vicdansızlığa yol verməmişəm. Bu yaşdan sonra bu, heç mümkün də deyil. Hər zaman milli-mənəvi və dini dəyərlərin, milli azlıqların hüquqlarının qorunması yolunda mücadilə aparmışam. Aparıram və bundan sonra da aparacağam. Bunu, kimdə olmasa, Cəmil bəy, siz yaxşı bilirsiniz axı!..”
“Özünü ziyalı sayan heç bir bəndə belə ağ yalanları utanmadan, yəni qırmızı-qırmız deməz...”
“Eyni zamanda, Cəmil bəy, eləcə də MŞ Koordinasiya üzvləri çox yaxşı bilirlər ki, mən Milli Şuradan məhz bu dəyərlərə sayğısız münasibətə görə istefa vermişəm. Mənim üçün bu dəyərlər taleyüklü məsələdir. Xalqımız belə münasibət sərgıləyən ictimai-siyasi quruma dəstək verərmi?!”, deyə qarşı tərəfə sual edən E.Quliyev bundan sonra öz ittihamlarını irəli sürüb: “Bəs siz nə etdiniz, hörmətli Cəmil bəy? LGBT-ni, Feministəri, bir sözlə xalqın qəbul etmədiyi bir qrup əxlaqsız toplumun müdafiəsinə qalxdınız, üstəlik bunu liberal dəyərlərin qorunması kimi qələmə verməyə cəhdlər etdiniz. Ərə getməyi ilə fəxr duyan və addım başı bunu reklam edən üzdəniraq İsmayıl Cəlilovu görünməmiş canfəşanlıqla himayəyə götürdünüz. Xeyir, hörmətli Cəmil müəllim, alınmayacaq! Çünki bu xalqın tam əksəriyyəti bu cür yad və əxlaqsız yaşam tərzini, bu sayaq adamları qəbul etmir, edə bilmir, etməyəcək də!.. Sadəcə, iyrənir. Buna əmin olun. Siz heç kimlə məsləhətləşmədən, Milli Şuranın adından, bizlərin bu toplumun hüquqlarını qoruyacağı ( və qoruduğu) haqqında bəyanat verdiniz. Özü də bir neçə dəfə. Niyə belə etdiniz, bunun mənası, mahiyyəti, məqsədi nə idi? Kimlərin dedikləri ilə, ABŞ-da, ya Avropadakı hansı dairələrin göstərişi, yaxud dirijor çubuğu ilə bunlara rəvac verdiniz? Yaxud öz düşüncənizdə, dünyaduyumunuz, əxlaq normalarınızda bir neçə ayın içində hansı transformasiya baş verdi ki, belə yanlışlıqlara yol verdiniz? Yuxarıda mən həqiqəti əks etdirməyən iddialar söylədiyinizi üstüörtülü dedim... amma ortada açıq yalanlar da var. Özünü ziyalı sayan heç bir bəndə belə ağ yalanları utanmadan, yəni qırmızı-qırmız deməz...”
“O ki qaldı ailə məsələsinə ironik atmacanıza...”
“Doğrusu isə budur: ... Mən Milli Şuradan çıxarılmamışam, şəxsən öz istəyimlə istefa vermişəm. Səbəbini yuxarıda qeyd etmişəm... Guya MŞ-da qalmağım üçün hamıya yalvarmağım... – bu da ağ yalan, hətta riyakarlıqdır”, deyən E.Quliyev əlavə edib ki, guya MŞ Koordinasiya Mərkəzinin üzvləri onun qurumdan çıxarılmağı barədə əvvəlcədən razılığa gəliblər: “Tamamən və başdan ayağacan uydurmadır.
E.Quliyev suallarını davam edirir: “Bu necə olur ki, dəfələrlə parlamentdə təmsil olunmaq təkliflərini mən rədd edirəm, amma siz siyasi partiya yoldaşlarınızı atıb da, gedib 10 il deputat olursunuz. Və yenə də mən satqın oluram?!... O ki qaldı ailə məsələsinə ironik atmacanıza... bunu, sizə heç yaraşdırmadım. Ayıbdır. Həyat yoldaşımın Xalq artisti fəxri ad almasını az qala hökumətə satqınçılığım kimi qələmə verirsiniz...İndi bütün ömrünü milli kinoya həsr etmiş, ahıl bir aktirisaya fəxri ad verilməsini mənə qarşı ittiham kimi irəli sürməyiniz... ən yumşaq tərzdə desəm, ləyaqətsizlikdir....Və siz hətta bu məsələdə də növbəti yalan sərgiləyirsiniz. Xalidə xanım Xalq artisti fəxri adı alanda Milli Şura üzvləri, başda siz olmaqla, hamınız məni təbrik etdiniz.... İndi durub sözaltı mənayla bəyan edirsiniz ki, guya “başınız qarışıq olduğundan təbrik etməyi unutmusunuz”. Nə oldu, birdən yadınıza düşdü?..
Hörmətli Cəmil müəllim, son olaraq bildirirəm ki, əgər siz həqiqətən həyat yoldaşımın fəxri ad almasına görə məni satqın hesab edirsinizsə, (hər halda yazınızdan belə qənaət yaranır) və bu haqda ciddi-ciddi abzaslar yazır, eləcə də eyni mövzunu düşük-düşük adamlara yazdırırsınızsa, onda məni, istər-istəməz, sizi həm satıcı, həm də satılmış adlandırmağa sövq edirsiniz. Mən də qayıdıb deyə bilərəm ki, siz satıcı kimi milli-mental və dini dəyərlərimizi “optovoy” şəkildə və keçi qiymətinə əcnəbilərə satırsınız. Satqın kimi isə... yenə də, qayıdıb deyə bilərəm ki, məndə əsaslı şübhələr yaranıb ki, siz ABŞ-a gedəndən bəri kimlərinsə təsir dairəsinə düşmüsünüz və Azərbaycanın Dövlətçilik maraqlarına zərbə vuracaq haçalı-məkirli mövqe nümayiş etdirirsiniz...”
“Görünür cavan vaxtlarınızda hind kinolarına çox baxmısınız”
“O ki qaldı “filmin sonu” mesajınıza... tələsməyin”, deyə hiddətini gizlətməyən E.Quliyev sonda yazıb: “Görünür cavan vaxtlarınızda hind kinolarına çox baxmısınız. O kinolarda filmin əvvəlində, yəni elə ilk kadrlardaca filmin sonunun nə ilə bitəcəyi bəlli olur... Odur ki, çalışın baxdığınız filmləri əvvəlindən izləyin…Ziyalılıq təkcə elmi dərəcəylə, savadla, yaxud sosial mənşəy və yüksək titullarla ölçülmür. Ziyalı bəndə millətin vicdan simvolu olmalı və ONUN məsuliyyət yükünü daşımağı bacarmalıdır. Ziyalılığın ən mühüm meyarı ALİCƏNABLIQDIR. Və təəsüflər ki, özünü bu katiqoriyadan sayan bir çox insan bu İlahi keyfiyyətdən məhrumdular!”
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB