"Azərbaycanın əlində olan imkanlar Ermənistanda olsaydı..." - ŞƏRH ÖZƏL

"Azərbaycanın əlində olan imkanlar Ermənistanda olsaydı..." - ŞƏRH ÖZƏL

"Prezident İlham Əliyev Tərtərə səfəri zamanı çıxışında heç kimi günahlandırmayıb. Sadəcə olaraq öz fikirlərini xalqı ilə bölüşüb. Bir sıra dövlətlərdə dövlət başçıları mövcud situasiya ilə əlaqədar olaraq öz fikirlərini xalqı ilə bölüşür. Bu çox təbiidir və bütün hallarda cənab Prezident cəmiyyətin də fikrini öyrənmiş oldu. Mediada gedən məsələləri təbii ki, cənab Prezidentə məruzə edirlər. Bu özü də gözəl bir şeydir. Heydə Əliyev də adətən xalqa tez-tez bu cür müraciətlər edirdi". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Baxmayaraq ki, Azərbaycan 2001-ci ildən AŞPA-nın üzvüdür, bu müddət ərzində AŞPA hər zaman Azərbaycana ikili standartlarla yanaşıb: "Əvvəla onlarda bir xristian həmrəyliyi, ikinci onların İslam dünyasına qarşı qısqanclığı var, üçüncüsü bunlar dərin dövlətin tapşırığı ilə işləyirlər, dördüncüsü isə özləri başqa dövlətlərin içərisində dərin dövlət yaratmaq istəyirlər, yəni cənab Prezidentin də qeyd etdiyi kimi beşinci kalon: "Azərbaycanda da beşinci kalon daha çox Avropada yerləşir. Dünyanın hər yerində azərbaycanlı var. Amma ən çox Azərbaycanın əleyhinə bütün təbliğatların başında Avropa dayanır, daha sonra isə ABŞ. Azərbaycanı təhqir edən, ölkə haqqında, ölkə prezidenti haqqında hər cür mənfi fikirlər səsləndirənlər Avropada məskunlaşıb. Bəzi məmurlar haqqında tənqidi fikirlər söyləmək olar, amma söymək, alçaltmaq bu düzgün yanaşma deyil. Bu mənada Azərbaycanla AŞPA münasibətlərində gərginlik artıq pik həddə çatıb".

Politoloq qeyd edib ki, xüsusilə Dağlıq Qarabağla bağlı AŞPA-nın mövqeyi məlumdur, bu günə qədər Ermənistana qarşı hər hansı sanksiya irəli sürməyib: "Bir tərəfdən demokratiyadan danışır, digər tərəfdən isə tamamilə antidemokratik fəaliyyət göstərir. Fransada, İngiltərədə, Belçikada, Hollandiyada və s. digər Avropa dövlətlərində mitinqə çıxan insanları istədikləri kimi kənarlaşdırır, həbs edirlər. Fransada 1 ilə yaxın mitinq oldu, lakin heç bir nəticə nail olmadılar. Amma mövzu Azərbaycana gəldikdə hər şeyin həll olunmasını o dəqiqə tələb edirlər. Məsələ burasındadır ki, onların bu mövqeyi qəbul olunan deyil və Azərbaycan da AŞPA-nın üzvü kimi bu məsələlərə ən sərt şəkildə münasibətini bildirməlidir. Artıq cənab Prezident dəfələrlə bildirib".

C.Nuriyev vurğulayıb ki, AŞPA-da Azərbaycanın nümayəndə heyəti var və dövlətimiz onlara vəsait ayırır: "Bu adamlar Azərbaycanı orada təmsil edirlər. İndi söz Milli Məclisin üzvlərinindir. Bəyanatlar vermək üçün Strasburqa getməyə ehtiyac yoxdur. Buradan da bəyanatlar verə bilərlər. AŞPA-nın bu qərarı ilə əlaqədar Prezident danışdı. Milli Məclisin nümayəndə heyəti də yığılmalı, müraciət etməli və bildirməlidirlər ki, əgər bu şəkildə davam etsə, biz demokratik mühit yaranan qədər oradaki fəaliyyətimizi dayandıracağıq. İndiki Milli Məclisdə kifayət qədər xarici dil bilənlər var. Onlar meydana çıxmaq üçün nəyi gözləyirlər!? Prezident də dəfələrlə dediyi halda onlardan hələ də bir tərpəniş yoxdur. Azərbaycanın əlində olan imkanlar Ermənistanın əlində olsaydı, erməni deputatları bu dəqiqə dünyanın hər yerində lobbiçiliklə məşğul idilər. Bizim deputatların isə lazımınca səsi çıxmır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə