"Polisi “haqsız” kimi təqdim edənlər kimlərdirlər?" ÖZƏL-MÜNASİBƏT
“Diqqətlə yanaşanda çox aydın şəkildə görünür ki, karantin dövründə kütləvi itaətsizliyin təşkil edilməsi üçün xüsusi bir kampaniya aparılır. Kifayət qədər təşkilatlanmış, tezisləri müəyyənləşdirilmiş bir kampaniya var ortada. Təbliğatlarını əsasən 4 istiqamət üzrə qurublar. Zahirən yanaşanda elə təəssürat yaranır ki, guya təşkilatlanmış qüvvə deyillər, tezisləri ayrı-ayrıdır, fərqli istiqamətlərdə danışırlar. Amma bütün tezislər üzrə təbliğatlarını təhlil edib ümumiləşdirdikdə nəticə çıxır ki, məqsədləri birdir, konkret hədəfə yönəlib. Məsələn, iddia edirlər ki, COVİD-19 uydurma bir oyundur, belə bir xəstəlik yoxdur və sair. İkinci bir qismi iddia edirlər ki, “COVİD-19 oyunu” hökumətlərin marağına uyğundur, hər kəs bundan öz məqsədləri üçün istifadə edir. 3-cü qism iddia edir ki, COVİD-19 mövcuddur, amma hökumətin bu bəlanı aradan qaldırması üçün tədbirləri qeyri-peşəkardır”. Bunu SİA-ya Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli deyib.
Media ekspertinin sözlərinə görə, aralarında pandemiyadan istifadə edib əhali üzərində zorakılıq mexanizmləri qurulduğunu iddia edənlər də var: “Göründüyü kimi, bəzən bir-birinə əks olan fikirlərdir. Amma diqqətlə yanaşanda, bir-birini tamamlayırlar. Bütün tezislərin sonunda hökumət tənqid edilir, hədəfə alınır, pandemiyadan bir oyun kimi istifadə etdiyi diqətə çatdırlır. Son iki gün ərzində polisə qarşı neqativ rəy yaratmaq cəhdi də bu kontekstdədir. Sosial şəbəkələrdə “polislə vətəndaşların qarşıdurması” kimi təqdim edilən video görüntülərdə diqqət çəkən bir məqam var: görüntüləri paylaşanların əksəriyyəti qeyd edirlər ki, “polislərin saxladıqları şəxsin kimliyi bəlli deyil”, “hansı səbəbdən saxlanıldığı bilinmir” və sair. Amma dərhal da əlavə edirlər ki, “adamlar düz edib polisin başına zibil atırlar”…Əgər saxlanılan şəxsin kimliyi, hansı əməli törətməsi və sair bəlli deyilsə, onda hansı əsasla polis haqsız sayılır? Polisi “haqsız” kimi təqdim edənlər kimlərdirlər, nəyi hədəfləyiblər? Pandemiya dövründə, xüsusilə də son iki gündə polisin fədakar fəaliyyət göstərməsi, qarşısına qoyulan vəzifələri yüksək səviyyədə icra etməsilə bağlı yüzlərlə fakt gündəmə gəlib. Tibbi müdaxiləyə ehtiyacı olan vətəndaşlara polis nəfərinin yardım etməsindən tutmuş, Azərbaycanın dövlət rəmzlərinə sayqılı münasibətinə qədər çeşidli video görüntülər yayılıb. Bəs əksini sübut etməyə çalışanlar kimlərdirlər? Əks düşərgəni təşkilatlandıran, “operativ” materiallarla təmin edənlər, saatlarla pusqu çəkib ən xırda detalları videolentə alanlar kimlərdirlər? Ciddi araşdırmaya ehtiyac var. Kimlərsə, şüurlu şəkildə çaşdırıcı fikirlər səsləndirirlər, insanların fikirlərini qarışdırırlar, hökumətə inamsızlıq aşılayırlar, kütləvi itaətsizlik mühiti yaratmaq istəyirlər. Ortada ciddi təxribat simptomları var. Diqqətli olmaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB