"Bunlar hamısı Azərbaycan polisinə atılan şər-böhtandır" ÖZƏL-MÜNASİBƏT

"Bunlar hamısı Azərbaycan polisinə atılan şər-böhtandır" ÖZƏL-MÜNASİBƏT

"Dünyada tüğyan edən koronovirus pandemiyası dövründə Azərbaycan hökuməti və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qabaqlayıcı tədbirlər görülməsi ilə yanaşı eyni zamanda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox zəngin sosial paket hazırlanıb və həyata keçirilib. Bununla belə sahibkarlara, hüquqi və fiziki şəxslərə dövlət tərəfindən çox böyük dəstək nümayiş olunub. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq və bu Qərargahın təlimatlarına uyğun olaraq ölkəmizdə karantin rejimi qaydaları tətbiq olunub". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, son iki gündə də Bakıda, Sumqayıtda, Gəncədə, Abşeron və Lənkəranda insanların küçəyə çıxmasına tamamilə qadağa qoyulub: "Bu pandemiya dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi orqanlarının üzərinə çox böyük vəzifələr düşüb. Etiraf etmək lazımdır ki, Daxili İşlər Nazirliyi orqanları bütövlükdə koronovirus pandemiyası dövründə üzərinə düşən vəzifəni çox layiqincə yerinə yetirdilər. Onlar istər magistral yollarda qurulan postlarda, istərsə də bütövlükdə ölkə ərazisində karantin qaydalarının həyata keçirilməsi, icra edilməsi ilə bağlı çox ciddi işlər gördülər. Birincisi, qanunların, qaydaların tamamilə işlək vəziyyətdə olması üçün onların qarşısına qoyulan vəzifə çox layiqincə həyata keçirildi. Amma çox təəssüf ki, sosial şəbəkələr üzərindən bəzi qüvvələr çalışırlar ki, Azərbaycan polisinə ləkə yaxsınlar və onların həyata keçirdiyi tədbirləri gözdən salsınlar. Təbii ki, həmin qüvvələr qaragüruh qüvvələrdir. Onlar hər zaman ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Xüsusilə də bu addımlar Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan ermənipərəst qüvvələr, xüsusilə Milli Şura və bu qurumu dəstəkləyən ayrı-ayrı qruplaşmalar tərəfindən həyata keçirilir. Bunlar hamısı Azərbaycan polisinə atılan şər-böhtandır. Eyni zamanda bu gün dünyanın bir çox ölkələrində, xüsusən qərb ölkələrində özlərini “demokrat” adlandıran qüvvələr sanki Avropada polis zorakılığını görmürlər. Sanki onlar jurnalistlərin həbs olunmasını, insanların döyülməsini, gözyaşardıcı kimyəvi maddələrdən istifadə olunmasını və s. görmürlər. Bunlar insan haqlarının tapdanması, söz azadlığının kəsilməsidir. Amma Azərbaycan demokratik sahədə çox uğurla inkişaf edən bir ölkədir. Ona görə də Azərbaycan polisi bütün Azərbaycan qanunlarına və qaydalarına əməl edərək bu vəzifənin öhdəsindən ləyaqətlə, şərəflə, vicdanla gəldi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə