Əbülfəs Qarayev: “Azərbaycanda turizm sahəsində imtiyazlardan danışmaq hələ tezdir” - AÇIQLAMA

Əbülfəs Qarayev: “Azərbaycanda turizm sahəsində imtiyazlardan danışmaq hələ tezdir” - AÇIQLAMA
Azərbaycanda turizm sahəsində imtiyazlardan danışmaq hələ tezdir. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, imtiyazlar praktikası heç də həmişə müsbət nəticələr vermir: "Turizm sahəsində fəaliyyət rəqabət qaydaları çərçivəsində aparılmalıdır. Əgər imtiyazlar tətbiq edəsi olsaq, turizm sektorunda bir çox sahələr var ki, onlara da güzəştlər verməli olacağıq. Amma ölkəyə turist axını 1-2 il müddətində artsa və hiss etsək ki, büdcəyə daxil olan vəsait olduqca böyükdür, bunun daha da artması üçün imtiyazlardan istifadə oluna bilər".

Nazir qeyd edib ki, Azərbaycanda turizmin inkişafı dövlətin diqqət mərkəzindədir: "Azərbaycanda turizmin inkişafı üçün verilən kreditlər, fonddan ayrılan vəsait və bu kimi imkanlar onu göstərir ki, dövlətin turizm sahəsinə dəstəyi var. Turistlər üçün vizanın verilməsinin sadələşdirilməsi, korrupsiya ilə mübarizə imkan verir ki, ölkədə fəaliyyət göstərən otellər daha sərbəst işləsin".

Ə.Qarayev ölkədə fəaliyyət göstərən hotellərin sayının 500-ə çatdığını vurğulayıb: "Hazırda 45 mehmanxana və motel inşa olunur. Prioritet isə şübhəsiz ki, Şahdağ Qış-Yay Turizm Kompleksidir".

Nazir onu da vurğulayıb ki, bu ilin sonunadək Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm bazarının dünya bazarına daha rəqabətli çıxması üçün müəyyən tədbirlər görəcək: "Turizmin inkişafına dair dövlət proqramı çərçivəsində ölkədə azad rəqabətin təmin olunması yolu seçilib. Rəqabət və təkliflərin müxtəlifliyi qiymətləri aşağı salacaq. Bu ilin sonunadək müəyyən tədbirlər görüləcək ki, bu da Azərbaycan turizm bazarının dünya bazarına daha rəqabətli çıxmasına imkan yaradacaq. Həm keyfiyyət, həm də müəyyən qədər qiymətlərin tənzimlənməsi aparılacaq. Xidmət qiymətə uyğun olacaq, biz müdaxilə etməyəcəyik. Lakin otellər göstərmədiyi xidmətlərə görə qiyməti aşağı salmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə