Azərbaycanın “ASAN” Təfəkkürü və “ASAN” fəlsəfəsi ŞƏRH-ÖZƏL

“Cənab Prezidentin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” elə ölkə başçımızın müvafiq göstərişləri əsasında da öz fəaliyyət dairəsini genişləndirməkdə davam edir. Lakin “ASAN xidmət”in yaradılmasında gənclərin - “ASAN xidmət”in rəhbərlərinin, kadrlarının, işçilərinin fəaliyyətini yüksək dəyərləndirməsi, ölkə başçımızın əslində “ASAN xidmət”in yaradıcısı kimi onları göstərməsi, düşünürəm ki, bu quruma, onun fəaliyyətinə verilən ən yüksək dəyərdir”. Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, “ASAN xidmət” elə bir mükəmməl sistemdir ki, insanların rahatlığı, ədalət, şəffaflıq kimi bir neçə amala qulluq edir: “Bu baxımdan da dövlət başçımızın “ASAN xidmət”i, sadəcə olaraq, bir xidmət mərkəzi deyil, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsi kimi dəyərləndirməsi olduqca haqlı yanaşmadır. Belə ki, bu böyük layihə cənab Prezidentin də vurğuladığı kimi müasir inkişaf yolu tutan Azərbaycanın tərəqqisi ilə bütövlüklə uzlaşır. Bu gün “ASAN xidmət” mərkəzlərində işləyənlərin əksəriyyəti gənclərdir. Eyni zamanda burada könüllülər ordusu da fəaliyyət göstərir”.

Politoloq söyləyib ki, təkcə Ağcabədi “ASAN xidmət” mərkəzində 200-dən çox işçi və 45 könüllü fəaliyyət göstərəcək: “ASAN xidmət”in unikallığı ondan ibarətdir ki, Azərbaycanda könüllülər hərəkatı məhz buradan başlamışdır. “ASAN xidmət”dən sonra digər sahələrdə də fəaliyyətə başlayan könüllülər digər böyük layihələrin həyata keçirilməsində fəal iştirak etmişlər. Cənab Prezidentin göstərişinə əsasən dövlət təşkilatlarında, nazirliklərdə, dövlət şirkətlərində könüllülər işə cəlb edilir, onlara təcrübə keçilir. Bugünkü könüllüləri sabahın rəhbərləri adlandıran cənab Prezident müvafiq sərəncamla bu ili “Könüllülər ili” elan etmişdir”.

Ölkə başçısının “ASAN Həyat”, və “ASAN xidmət”i gənclərin Vətənə xidməti kimi dəyərləndirdiyini xatırladan Ş. Həsənova qeyd edib ki, ASAN xidmətin bir digər unikallığı orada fəaliyyət göstərən əməkdaşların korrupsiya, rüşvətxorluq, kobudluq, laqeydlik kimi mənfi xüsusiyyətlərdən tamamilə uzaq olmasındadır: “Bütün bu haqlı amilləri nəzərə aldığımız zaman tam əminlikə və fəxrlə deyə bilirik ki, “ASAN xidmət” Azərbaycanın milli brendidir. Bu brendin əks-sədası ölkə hüdudlarını aşmış, BMT kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən də yüksək dəyərləndirilmişdir. Bu isə beynəlxalq arenada Vətənimiz haqqında layiqli, düzgün təsəvvürün yaranmasına birbaşa xidmət edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə