Xarici məhkəmələrin qərarının Azərbaycanda icra olunması proseduru müəyyənləşir

Xarici dövlətlərin məhkəmələrinin əmlak müsadirəsinə dair qərarının Azərbaycanda icra olunması proseduru müəyyənləşir. SİA-nın məlumatına görə, bu, Milli Məclisin bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif edilən yeni “Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat” (LIX fəsil) fəslinin 525-ci maddəsində əksini tapıb.

Yeni maddəyə əsasən, əmlakın müsadirəsi barədə xarici dövlətlərin məhkəməsi tərəfindən çıxarılmış qərar yalnız həmin qərarda nəzərdə tutulmuş əmlak Azərbaycan Respublikası ərazisində yerləşdikdə tanınır.

Eyni zamanda təklif edilən yeni maddəyə görə, Azərbaycan Respublikasının milli tarixi və mədəni irsini təşkil edən əşyalara münasibətdə əmlakın müsadirəsi barədə xarici dövlətlərin məhkəməsi tərəfindən çıxarılmış qərarlar tanına bilməz.
Həmçinin, əmlakın müsadirəsi haqqında qərarının icrasına dair sorğu bu Məcəllənin tələblərinə cavab vermirsə və Azərbaycan Respublikasında həyata keçirilən cinayət mühakimə icraatına xələl yetirə bilərsə, sorğu edən tərəfə məlumat verilməklə müsadirə qərarının icrası təxirə salına bilər, bu barədə xarici dövlətin müvafiq səlahiyyətli orqana məlumat verilir.

Bundan başqa, yeni maddəyə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, müsadirə edilmiş əmlakın və ya onun dəyərinin məhkəmə və əmlakın saxlama məsrəfləri çıxıldıqdan sonra əlli faizi sorğu edən dövlətə qaytarılır, qalan hissəsi isə dövlət nəfinə keçirilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə