"Hüquqi tənzimlənmə mexanizminin yaradılması sosial sifarişə çevrilib" Kamran Bayramov

“Sosial şəbəkələrə və internet media resursları həyatımızın ayrılmaz bir hissəsinə çevrilməklə virtual bir cəmiyyət formalaşdırmaqdadır. Virtual cəmiyyət də öz növbəsində özünəməxsus sosiol-mədəni bir aləm formalaşdırmaqdadır. Bu proses pandemiya dövründə özünü daha qabarıq formada ortaya qoyaraq daha da dərinləşməkdədir. Lakin formalaşan bu virtual cəmiyyətin müsbət cəhətləri ilə yanaşı, mənfi, uzun əsrlər boyu formalaşan dəyərlər sistemini ciddi təhdid altında qoyan ziyanlı cəhətləri də var. Sirr deyil ki, sosial şəbəkələrdən bu cür ziyanlı vasitələr, əslində isə mənəvi terror aləti kimi istifadə olunması onlara xas olan anonimliyə əsaslanır”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov bildirib ki, məhz anonimlik sosial şəbəkələrdən ayrı-ayrı qrupların və konkret fərdlərin şəxsiyyətin hüquqlarının ən kobud şəkildə pozulması, mənəvi terrora məruz qoyulması, təhqir edilməsi, bütün əxlaqi, mənəvi dəyərlərinin ayaqlar altına atılması və digər qanunazidd əməllərin həyata keçirilmək üçün bir meydana çevrilib. Ona görə də bu gün heç kim sosial şəbəkələrdə ən eybəcər formada təhqir olunmaqdan, ləyaqətinin tapdalanmasından sığortalanmayıb.

Millət vəkilinin sözlərinə görə, bu gün bəzi qruplar və şəxslər özlüyündə mütərəqqi hesab edilən sosial şəbəkələrin yaratdığı imkanlardan terrorizmin, şiddət və nifrətin təbliğ edilməsi, narkotik vasitələrin internet üzərindən satılması, habelə şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılması kimi çirkin niyyətlərini həyata keçirirlər: “Sosial şəbəkə və internet resurslarda ciddi qanunazidd hərəkətlərin baş verməsinin səbəbi isə belə qanunsuzluqlara yol verənləri məsuliyyətə cəlb etmək üçün hüquqi tənzimləmə mexanizminin olmamasıdır. Bu hüquqi mexanizmin olmamasından müvafiq dövlət qurumları da sosial şəbəkələrdə, internet resurslarda vətəndaşların hüquqlarının pozulmasına qarşı səmərəli mübarizə apara bilmir. Bu səbəbdən də sosial şəbəkə və internet resurslarda qanunazidd hərəktələrin hüquqi cəhətdən qarşısının alınması üçün hüquqi tənzimlənmə mexanizminin yaradılması sosial sifarişə çevrilib.

Necə ki, ənənəvi kütləvi informasiya vasitələrinin fəaliyyəti insan hüquqlarının qorunması qanunvericilik əsasında tənzimlənirsə, sosial şəbəklər və internet resurslar belə tənzimləmə mexanizmi ilə tənzimlənməlidir. Bununla bağlı müəyyən beynəlxalq praktika da mövcuddur. Məsələn, Almaniyada belə qanunazidd hərəkətlərin yol verməməsi üçün sosial şəbəkə operatorlarının üzərinə müəyyən hüquqi məsuliyyət qoyub. Yəni belə hallara yol verən şəxslərin tapılıb, məsuliyyətə cəlb olunmasında sosial şəbəkə operatoru üzərinə müəyyən vəzifələrə qoyulub. Digər bir fakt, son günlərdə ABŞ Prezidenti Donald Trampın məlum qərarının qeyd etmək olar”.

Deputatın fikrincə, digər ölkələrdə olduğu kimi Azərbaycanda da qanunvericilikdə bu istiqamətdə addımlar atılmalı və hüquqi tənzimləmə mexanizmi müəyyən edilməlidir. Bu məqsədlə sosial şəbəkə operatorlarının qarşısında müəyyən cavabdehliyin artırılması kimi hüquqi mexanizm yaradıla bilər. “Eyni zamanda sosial şəbəkə istifadəçisi barədə hüquqi məsuliyyətə daşıyan hüquqi mexanizm tətəbiq edilməlidir. Əgər belə bir mexanizmi tətbiq etmək mümkün olarsa və qeyri-sağlam hərəkətlərin qarşısı alınarsa, o zaman müasir informasiya texnologiyaları bəşəriyyətin böyük nailiyyəti, onun gələcək inkişafının hərəkətverici qüvvəsinə çevriləcək. Rəqəmsal texnologiya, süni intellekt getdikcə daha böyük sürətlə inkişaf edib, yeni inkişaf perspektivlər açacaq. Hüquq və əxlaq normalarına əsaslanan cəmiyyətlərdə ictimai münasibətlərin təkamülü informasiya texnologiyaları paralel inkişaf edəcək. Bundan da ancaq bəşəriyyət və insanlıq qazanacaq”-deyə, K.Bayramov vurğulayıb. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə