Azərbaycan Avropa Gənc Alimlər Şurasının üzvü olub

Azərbaycan Avropa Gənc Alimlər Şurasının üzvü olub
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin prezidenti, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fəlsəfə doktoru İlqar Orucovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Litva Respublikasının Vilnius şəhərində Avropa Gənc Alimlər Şurasının (Eurodoc) Baş Assambleyasının İllik Yığıncağında iştirak edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirin açılışında tanışlıq görüşü və ölkələrin təqdimatları keçirilib. Tədbirdə Litva Respublikasının Elm və Təhsil naziri Gintaras Stepanoviç, Litva Gənc Alimlər Birliyinin prezidenti Piotras Cimmperman və Avropa Gənc Alimlər Şurasının Prezidenti İzabella Stanislaviç açılış nitqi ilə çıxış ediblər.

Tədbirdə Şuranın idarə heyətinin və katibliyin 2010-cu il ərzinə gördüyü işlərin hesabatı dinlənilib. 2011-ci il üçün şuranın büdcəsi və üzv dövlətlərin üzvlük haqqlarının ödənilməsi ilə bağlı vəziyyət müzakirə edilib. Daha sonra Şuraya üzvlüklə bağlı məsələlərin müzakirəsinə başlanıb. Azərbaycanın Şurada üzvlüyü ilə bağlı Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təqdimatı olub. Təqdimatda Azərbaycan Respublikası haqqında ümumi tanışlıq, Azərbaycanda elmin vəziyyəti və həyata keçirilən islahatlar, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasında gənclərlə iş sahəsində görülən işlər, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, gənc alimlərlə bağlı dövlət siyasəti, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti haqqında məlumatlar əksini tapıb. Ölkəmizin təqdimatından sonra Azərbaycanın Şuraya üzvlüyü səsə qoyulub və yekdilliklə qəbul edilib. Serbiya Respublikasının təqdimatından sonra isə Serbiya üzv qəbul olunub. Türkiyə Respublikasının üzvlüyü Türkiyəni qurumda təmsil edəcək təşkilatın fəaliyyətinin bütün ölkə ərazisini əhatə etməməsi səbəbindən qəbul edilməyib.

Daha sonra Ermənistan Respublikasını qurumda təmsil edən Ekososium təşkilatının son beş il ərzində fəaliyyətinin olmaması səbəbindən Ermənistanın üzvlükdən xaric olunması səsə qoyulub və böyük səs çoxluğu ilə Ermənistan qurumdan xaric edilib.

Həmçinin, İllik Toplantıda Şuranın Nizamnaməsinə bəzi dəyişikliklər edilməsi, yeni İdarə Heyətinin, katibliyin və maliyyə komissiyasının seçilməsi məsələləri də müzakirə edilib. Yeni idarə heyəti və digər seçkili qurumlara nümayəndələr seçilib. Fransa Gənc Alimlər Konfederasiyasının prezidenti Lüdovik Garattini Avropa Gənc Alimlər Şurasının yeni prezidenti seçilib.

İllik toplantının sonunda Polşada keçiriləcək növbəti-2012-ci il üçün Baş Assambleyanın İllik Yığıncağına hazırlıq, təşkilatın gələcək fəaliyyəti ilə bağlı planlar, üzv dövlətlərin aktivliyi məsələləri də müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə