Əhalinin Sosial Müdafiəsi Nazirliyində Çernobıl əlilləri ilə görüş keçirilib
Aprelin 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Çernobıl əlilləri ilə görüş keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbir iştirakçıları ilk öncə nazirlikdə ümumilli lider Heydər Əliyevin büstü qarşısına əklil və gül dəstələri qoyublar. Daha sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov 10 nəfər Çernobıl əlilinə "Slavuta" markalı avtomobillərin açar və sənədlərini təqdim edərək, onların daim dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu, bu sahədə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Qeyd olunub ki, 2000-ci ildən 2011-ci ilədək nazirliyin sifarişi ilə respublikanın müxtəlif bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan yaşayış binalarındakı mənzillərin bölgüsü zamanı mənzil növbəsində olan Çerenobıl əlilləri də nəzərə alınmış və bu təbəqədən olan 101 nəfər əlil mənzillə təmin olunub. Eyni zamanda, 1998-ci ildən 2011-ci ilədək ölkəmizə əlillər üçün alınıb gətirilmiş avtomobillərdən 14 ədədi növbəyə dayanmış Çernobıl əlillərinə təqdim olunub.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı Çernobıl əlilləri də sanator-kurort putyovkaları ilə təmin olunur. Hər il nazirliyin vəsaiti hesabına 800 nəfərədək Çernobıl əlilinə birdəfəlik maddi yardım göstərilir. Cernobıl əlillərinin problemlərinin həlli ilə bağlı "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət müəyyən edilib.
Qeyd edək ki, 2010-cu ildə 1662 nəfər Çernobıl əlilinin 2917 nəfər uşağının hər birinə aylıq müavinət ödənilmiş, 2606 nəfər Çernobıl əlilinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunaraq ödənilib. Çernobıl əlillərinin tibbi reabilitasiyası sahəsində də məqsədyönlü işlər görülür. Bu məqsədlə Mingəçevir şəhərində radioloji tipli Reablitasiya və Bərpa Mərkəzinin tikintisi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, daha 4 ədəd minik avtomobili Naxçıvan MR–da yaşayan Çernobıl əlilləri üçün göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB