AMİP təşəbbüsü ələ keçirir? ANALİTİK

Müxalifət partiyalarının toplantı mərkəzi bu partiyanın qərargahı olacaq

Son vaxtlar siyasi arenada bir sıra müxalifət partiyalarının dialoq mühitinə dəstək göstərmələri halı müşahidə olunmaqla yanaşı, partiyaların müxtəlif təşəbbüslərlə çıxış etmələri də nəzərdən yayınmır. Xüsusilə, düşərgə daxilində yeniləşmənin tərəfdarları olan partiyaların köhnə ənənələrdən də uzaqlaşmaq maraqları ortadadır. Daha dəqiq desək, istər qeydiyyatda olan, istərsə də qeydiyyata alınacaqlarını gözləyən müxalifyönlü siyasi təşkilatlar ölkədə cərəyan edən proseslərdə süni görüntü yaratmaq üçün deyil, real qaydada iştirak etmək maraqlarını gizlətmirlər.

AXP-dən sonra AMİP...

Bu arada məlum olub ki, bir müddət əvvəl Pənah Hüseynin sədri olduğu AXP-nin qərargahında toplaşan müxalifət partiyalarının növbəti görüş yerləri AMİP olacaq. SİA xəbər verir ki, bu barədə milli istiqlalçıların sədri Arzuxan Əlizadə mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan müxalifətinin bir qrupu iyunun 5-də AMİP-in qərargahına yığışacaq və planlaşdırılan görüşdə 10-a yaxın siyasi partiyanın iştirakı gözlənilir.

“Məlum olduğu kimi, mayın 18-də AXP-nin qərargahında keçirilən son toplantıdan sonra siyasi partiyaların mütəmadi olaraq toplaşaraq müxtəlif məsələlərlə bağlı müzakirələr aparması barədə razılıq əldə olunmuş və növbəti belə toplantının AMİP qərargahında bizim təşkilatçılığımızla keçirilməsi qərara alınmışdı”, deyən müxalifət partiyasının sədri əlavə edib ki, nəzərdə tutulan toplantıda ”Pandemiya dövründə verilmiş qərarlar, həyata keçirilən işlər və bundan sonrakı dövr üçün atılmalı olan addımlar" mövzusunda fikir mübadiləsi aparılacaq.

Arzuxan Əlizadə: “Dövlət qeydiyyatından keçmiş siyasi partiyaların iştirakı ilə daha geniş tərkibli tədbirlərin keçiriləcəyi istisna olunmur”

A.Əlizadə yığışacaq partiyaların sayı ilə bağlı fikirlərini də açıqlayıb və toplantının tələb olunan qanunlar qarşılığında həyata keçiriləcəyini bildirib: “Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərara müvafiq olaraq toplantıların 10 nəfərdən çox olmaması şərti ilə keçirilməsi tələbi nəzərə alınacaqdır. Lakin gələcəkdə təbii ki, ölkədə rəsmi dövlət qeydiyyatından keçmiş siyasi partiyaların iştirakı ilə daha geniş tərkibli tədbirlərin keçiriləcəyi istisna olunmur".

Maraqlı məqamlardan biri də budur ki, AMİP sədri rəhbəri olduğu partiyanın bütövlükdə təşəbbüsü ələ almasını da gizlətməyib və müxalifət düşərgəsində aparıcılıq funksiyasını tətbiq etmək marağında olduğunu gizlətməyib.

Ənənəvi, köhnə təfəkkürlü müxalifət siyasi arenadan bu kimi müxalifət partiyaları tərəfindən çıxdaş olunmaqdadır

Lakin hər şeyə rəğmən, sağlam düşərgənin bu kimi toplantılarda iştirakı və müzakirələr apararaq ölkədə cərəyan edən proseslərə qoşulmaları siyasi arenada müsbət qiymətləndirilməsi olan bir haldır. Hər halda, qaragüruhçuluqdan, radikallıqdan, destruktivlikdən imtina edən siyasi müxalifətin konstruktivlik məqamında yer almaları bilavasitə yeni müxalifətin formalaşmasına da geniş şərait yarada bilər.

Başqa tərəfdən, ölkədəki dialoq mühitinin canlanması da belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq ənənəvi, köhnə təfəkkürlü müxalifət siyasi arenadan bu kimi müxalifət partiyaları tərəfindən çıxdaş olunmaqdadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...