Erməni aviasiyasının Aİ ölkələrinə yolları bağlandı! QADAĞA!

Ermənistanın Mülki aviasiya komitəsi Avropanın təhlükəsiz uçuşları agentliyinin (EASA) qara siyahısına salınıb. SİA aysor.am-a istinadən xəbər verir ki, bu barədə baş nazirin aviasiya məsələləri üzrə sabiq köməkçisi Akop Çaqaryan deyib.

“Mülki aviasiya komitəsinin utanmazlığı üzündən, həm də bu quruma qarşı olan etimadsızlıq bildirişlərindən sonra bütün erməni aviaşirkətləri Avropa İttifaqına uçuşlar etməkdən məhrum olunublar”, qeyd edən Çaqaryan əlavə edib ki, o baş nazir Nikol Paşinyana bununla bağlı müraciətlə yanaşı, təklif də verib ki, bu məsələsi texniki sahədən siyasi sahəyə keçirsin və problemi həll etsin...

Çaqaryan: “Heç nə edilmədi, heç nə...”

“Baş nazirin müavini Tiqran Avinyan isə parlamentə bəyan edib ki, problem yoxdur, bizdə nə olub ki, onu da itirək..?”, deyə bildirən Akop Çaqaryan əlavə edib ki, hələ ötən il gənc və sədaqətli aviatorlarla birgə fəaliyyət planı hazırlayaraq Mülki aviasiya komitəsinə və Ərazi-infrastruktur idarəetmə nazirliyinə təqdim ediblər, lakin heç nə edilmədi, heç nə...

“Baş verənlərə görə isə cavabdehlər uzun gözləməli olmayacaqlar”, deyə Çaqaryan sosial şəbəkədə yazıb.

“Past”: “Avropa aviaşirkətləri vakant yerləri tutacaqlar və bu Ermənistan aviasiyasının ölümü olacaq”

Ermənistanın "Past" qəzəeti isə yazır ki, baş verənlər erməni aviasiyasının həlakı deməkdir.

Erməni nəşri qeyd edir ki, uzun müddətdir mülki aviasiyanın biabırçı vəziyyəti ilə bağlı xəbərdarlıqlar edilirdi, lakin hakimiyyət heç bir tərpəniş, yaxud enerji sərf etmədilər, əksinə səs-küy yaradaraq problemin olmadığını sırımağa çalışdılar: “Üstəlik, bu barədə kim danışırdısa, onlar feyk və satellitlər, eləcə də digər mümkün və qeyri-mümkün vasitələrlə diskreditə olunurdular, baş nazirin aviasiya xətti üzrə müşaviri isə istefa verərək, problemlərin yaşandığını bəyan etdi”.

“Buyurun, artıq Avropa komissiyası Aİ üzrə uçuşların təhlükəsizliyi ilə bağlı siyahısını yeniləyib və orada Avropaya uçuşları qadağan olunmuş aviaşirkətlərin adları yazılıb, hansı ki, siyahıda Ermənistanın da adı var”.

“Past” daha sonra yazır ki, aviasiya üzrə ekspertlərin sözlərinə görə, bu rüsvayçı fəaliyyət son iki ildə mövcud fəaliyyətsizliyin nəticəsidir: “Növbəti seriyada o olacaq ki, Avropa aviaşirkətləri vakant yerləri tutacaqlar və bu Ermənistan aviasiyasının ölümü olacaq. Arqumentlər və çıxış yolu tapmaq cəhdləri isə artıq mənasızdır. İndi top hakimiyyətdədir və Avropa komissiyası ilə gələcəkdə necə işləmək, vəziyyəti düzəltmək imkanlarını axtarmaq da onların boynundadır, halbuki bu məsələnin özü də kifayət qədər çətindir”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə