İlk peşə ixtisası təhsili müəssisəsi tələbələrinin I respublika ifa müsabiqəsinin qalibəri açıqlanıb

İlk peşə ixtisası təhsili müəssisəsi tələbələrinin I respublika ifa müsabiqəsinin qalibəri açıqlanıb
Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan ilk peşə ixtisası təhsili müəssisəsi tələbələrinin I respublika ifa müsabiqəsinin final konserti keçirilib. SİA-nın xəbərinə görə, Bakı Sosial Pedaqoji Kollecində təşkil olunan müsabiqə ölkədə ilk dəfə olaraq təşkil olunub.

Tədbirdə çıxış edən tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov bildirib ki, bu müsabiqədə respublikanın bütün bölgələrindən tələbələr iştirak edib. Onun sözlərinə görə, ölkədə peşə təhsilinə xüsusi diqqət və qayğı göstərilir: "Son illər göstərilən bu qayğı nəticəsində peşə təhsilinin inkişafı ilə bağlı bir neçə layihələr həyata keçirilib, insanların bu müəssisələrə marağı artıb, bir neçə müəssisə əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz olunub. Bir sözlə, peşə təhsilinin yaxşılaşdırılması, inkişafı ilə əlaqədar xüsusi işlər icra olunur".

Təhsil Nazirliyinin texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov isə çıxışında bildirib ki, hər il nazirliyin hazırladığı tədbirlər planında müxtəlif təhsil müəssisələrinin şagirdləri arasında müxtəlif müsabiqələr həyata keçirir. N.Məmmədovun sölərinə görə, o cümlədən, ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri arasında belə yaradıcılıq müsabiqələri təşkil olunur: "Bu müsabiqələr həm məktəbdənkənar bir fəaliyyətin gözəl bir nümunəsidir, həm də şagirdlərin əlavə yaradıcılıq imkanlarının üzə çıxarılmasına köməklik göstərir. Bu gün hətta səhnəmizin ulduzları olan bir çox teatr xadimləri bir vaxtlar öz fəaliyyətlərinə peşə məktəblərindən başlayıblar. Hacıbaba Bağırovdan başlamış bir neçə belə misallar göstərmək olar ki, ilk qədəmlərini peşə məktəblərində qoyub, gələcəkdə isə sənətkar kimi formalaşıblar. Bu müsabiqə peşə təhsili məktəbləri şagirdlərinin məktəbdənkənar fəaliyyətinin necə təşkil olunmasının bir nümunəsidir. Yaxşı haldır ki, bu müsabiqədə rayonlardan xeyli şagirdlər iştirak edirlər".

Daha sonra müsabiqənin qaliblərinə hədiyyə və diplomlar təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə