"Amerikada qarşıdurma hələ bir neçə gün davam edəcək" ÖZƏL-MÖVQE

“Artıq 4-5 ildir Amerikada belə aksiyalar baş verir. Aksiyaların əsas səbəblərindən biri ölkədəki sosial və iqtisadi vəziyyətdir”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, hansısa irqi ayrı-seçkilik zəminində işgəncələr tətbiq edilir: “Son hadisə pik nöqtə oldu, həm də bu hadisələrin geniş vüsət almasında yəqin, koronavirus epidemiyasının mənfi rolu olub. Çünki iqtisadi və sosial vəziyyət ağırdır. Amerikada işsizlərin sayı getdikcə artır. Bunların hamısı qığılcım rolunu oynadı. Hətta Avropa ölkələrində belə etirazlar oldu. Əlbəttə, etirazlar bir qədər səngiyəcək, amma bu o demək deyil ki, gələcəkdə oxşar hadisələr baş verməsin”.

E.Şahinoğlu bildirib ki, etiraz aksiyaları Tramp üçün çətindir və onun reytinqinə mənfi təsir edir: “Həmçinin epidemiyaya görə işsizlər olduğu üçün Trampın reytinqi aşağı düşüb. Tramp qətiyyətli addımlar atmalıdır. Çünki ilk gündən etirazlar edilir, yağmalamalar başlayıb, dükanlara hücum edirlər. Bütün bunlar cinayətdir. Ona görə Amerikada qarşıdurma hələ bir neçə gün davam edəcək. Yəqin ki, aksiyanın nəticələri noyabr ayında prezident seçkilərinə təsir göstərəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə